RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNDƏ MÜŞAVİRƏ
Nazir respublika Prezidentinin Fərmanı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında informasiya-kommunikasiya texnologiyalarının gələcəyinə çox böyük önəm verildiyini vurğulamış və bununla əlaqədar qarşıda duran əsas vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, ÜDM-in tərkibində rabitənin xüsusi çəkisi neft və energetika sahəsindən sonra üçüncü yeri tutsa da, regionlarda rabitə hələ istənilən səviyyədə deyildir.
Respublikamızda özəl bölmənin inkişafına xüsusi diqqət yetirildiyini, o cümlədən hazırda rabitə sahəsində 15 özəl və birgə müəssisənin fəaliyyət göstərdiyini xatırladan nazir onlarla qarşılıqlı münasibətləri sistemə salmağın, işin səmərəliliyini artırmaq üçün lazımi tədbirlər görməyin vacibliyini vurğulamışdır. O, hələ bu sahədə həllini gözləyən problemlərin olduğunu, bəzi müəssisələrin lisenziyadankənar qanunsuz rabitə xidməti ilə məşğul olmasını diqqətə çatdırmışdır.
Müşavirədə məruzə ilə çıxış edən nazirliyin aparatının rəhbəri Vidadi Zeynalov özəl bölmənin inkişafına dövlət qayğısından və sahibkarlıq üçün möhkəm hüquqi bazanın, xarici sərmayəçilər üçün əlverişli şərait yaradılmasından, “Azercell”, “Bakcell”, “Evrotel”, “Ultel”, “Aztel”, Katel” və sair özəl və birgə müəssisələrin uğurlarından, mövcud nöqsanlardan danışmışdır.
Adı çəkilən müəssisələrin təmsilçiləri nazirliklə münasibətlərin normal qurulmasının, problemlərin qarşılıqlı fikir mübadiləsi yolu ilə həllinin tərəfdarı olduqlarını vurğulamışlar.
Müşavirədə respublika Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.