RAGB məşhur “Fibonaççi” intellektual oyununu onlayn-rejimdə təşkil edib
Moskva, 16 may, AZƏRTAC
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Fibonacci Games Azerbaijan” ilə birgə məşhur “Fibonaççi” intellektual oyununu onlayn-rejimdə keçiriblər.
AZƏRTAC xəbər verir ki, oyun 8 turdan ibarət olub. Turdan asılı olaraq müxtəlif mövzularda və mürəkkəblikdə suallar seçilib. Bu suallara erudisiyanın və məntiqi təfəkkürün köməyi ilə cavab vermək mümkün idi. Oyunun qaydalarına görə, komandada iştirakçıların sayına məhdudiyyət qoyulmamışdı.⠀
20 komandanın heyətində 100-dən artıq iştirakçının olduğu oyuna Rusiya, Azərbaycan, Avstriya, Almaniya və Kanadadan gənclər qoşulub.⠀
Oyunun yekunlarına görə 134 xal qazanan “Landau” komandası qalib seçilib.⠀
Bütün komandalar oyunda iştirak etdiklərinə görə onlayn-sertifikata, qaliblər isə qiymətli hədiyyələrə layiq görülüblər.
Qeyd edək ki, intellektual oyunların keçirilməsi RAGB üçün artıq çoxdan xoş ənənəyə çevrilib. Təşkilat hər il ali məktəblər arasında “Nə? Harada? Nə vaxt?” turniri, şahmat turnirləri, həmçinin nərd üzrə turnirlər keçirir. ⠀
Təxminən bir il bundan əvvəl uğurla start götürən “Fibonaççi” oyunu unikal məzmuna malikdir. ⠀
Layihənin yaradılmasında Sənan Mahmudov, Aleksandr Kosyanenko, Günay Sadıqova, Vasif Məmmədov, Tural İsmayılov və İsmayıl Əliyev iştirak ediblər. Oyun istirahəti yeni biliklər əldə etməklə bir araya gətirməyə can atan insanlar arasında tezliklə populyarlıq qazanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva