Ramiz Qusarçaylı: Seçkilərə fəal şəkildə qoşulub qalib Azərbaycanın gələcəyinə səs verəcəyik
Quba, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qubalılar həmişə dövlətçilik ənənələrinə sadiq olub, seçkilərdə fəallığı ilə seçiliblər. Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini də biz qubalılar böyük ruh yüksəkliyi ilə gözləyirik. Mən əminəm ki, bu seçkilər bayram əhvali-ruhiyyəsində keçəcək. Çünki son illər ölkəmizin həyatında bir çox önəmli hadisələr baş verib. Bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Mən xarici ölkələrə səfərlərim zamanı qalib ölkənin ziyalısı kimi fəxrlə, qürurla ölkəmizin uğurlarından, Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıram. Qarşıdan gələn seçkilərdə də birliyimizi ortaya qoymalı, fəallıq nümayiş etdirməliyik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Ramiz Qusarçaylı söyləyib.
O bildirib ki, sevindirici məqamlardan biri də ilk dəfə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yaradılan məntəqələrdə səsvermənin keçirilməsidir.
“Son 30 ildə ilk dəfə Şuşada, Laçında, Xankəndidə və digər azad olunmuş torpaqlarımızda Azərbaycan Bayrağı altında seçkilər təşkil olunacaq. Doğma yurdlarına qayıtmış sakinlərimiz suveren ölkənin vətəndaşları kimi səs vermək hüququndan istifadə edəcəklər. Həmin ərazidə məntəqələrə gedən seçicilərin sevinci, qüruru bizi də qürurlandıracaq. Nə xoşdur ki, bu seçkinin təntənəsini yaşamaq bizə də qismət oldu. Bu, bir bayramdır. Bu, Cıdır düzünün, İsa bulağının, Daşaltının, Suqovuşanın, Xarıbülbülün bayramıdır. Həmin gün Azərbaycan Bayrağının dalğalandığı işğaldan azad olunmuş bütün ərazilərin daha bir qürurlu günü olacaq. Biz də seçkilərə fəal şəkildə qoşulub qalib Azərbaycanın gələcəyinə səs verəcəyik”, - deyə Ramiz Qusarçaylı söyləyib.