Ranal Qurbanov: Yüksək hədəflərin qarşıya məqsəd qoyulması təhsildə uğurun sirridir
Bakı, 25 avqust, AZƏRTAC
Azərbaycan məktəbliləri “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında 1 qızıl, 3 gümüş medal qazanıblar. Gümüş medala layiq görülənlərdən biri də Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanovdur. O, təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb.
R.Qurbanov bildirib: “Olimpiadada ölkəmizi təmsil etdiyim və valideynlərimi sevindirdiyim üçün olduqca məmnunam. Gələcəkdə olimpiada medalının arzuladığım universitetə qəbul olunmağıma imkan yaradacağını düşünürəm. Komanda adından bu nailiyyətimizdə əziyyəti keçən müəllimlərimizə təşəkkür edirəm. Düşünürəm ki, daha erkən yaşlardan yüksək hədəflərin qarşıya məqsəd qoyulması təhsildə uğurun sirridir. Gümüş medal qazanmağımda olimpiadalara hazırlaşmağımın böyük rolu oldu. Beynəlxalq fənn olimpiadaları şagirdlərdən yüksək bilik tələb edir. Ona görə də həmyaşıdlarıma tövsiyə edərdim ki, daim oxusunlar, onları maraqlandıran fənlərə dair hər gün yeni biliklər əldə etsinlər. Sonda əziyyətlərinin bəhrəsini mütləq görəcəklər”.
Qeyd edək ki, R.Qurbanov Lənkəran rayonunda anadan olub. İlk təhsilini Lənkəran şəhər 4 nömrəli orta məktəbində alıb. Növbəti illərdə 6 nömrəli tam orta məktəbdə və “İstək” liseyində təhsilini davam etdirib. Hazırda Bakı şəhəri 102 nömrəli tam orta məktəbdə təhsil alır.