“Real Madrid” sona bir tur qalmış 34-cü dəfə İspaniya çempionu olub
Bakı, 17 iyul, Nicat Məmmədov, AZƏRTAC
İyulun 16-da futbol üzrə İspaniya La Liqasının 37-ci turunun 10 oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir cədvəlin lideri “Real Madrid” klubu öz meydanında “Villyareal” komandasını qəbul edib.
Görüş madridlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda Kərim Benzema və Serxio Ramos fərqlənib. “Villyareal”ın yeganə qolunu Visente İbora vurub.
Bu qələbə sayəsində xal ehtiyatını 86-ya çatdıran “kral” klubu sona bir tur qalmış çempion adı qazanıb. Klub tarixində 34-cü dəfə bu titula yiyələnib. Sonuncu dəfə “Real Madrid” 2016-2017-ci illər mövsümündə İspaniya çempionu olub.
Madrid təmsilçisinin əzəli rəqibi, ikinci pillədə qərarlaşan “Barselona” isə səfərdə “Osasuna” klubuna məğlub olub - 2:1.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Eybar” - “Real Vallyadolid” - 3:1;
“Atletik Bilbao” - “Leqanes” - 0:2;
“Selta Viqo” - “Levante” - 2:3;
“Xetafe” - “Atletiko Madrid” - 0:2;
“Malyorka” - “Qranada” - 1:2;
“Real Betis” - “Deportivo Alaves” - 1:2;
“Real Sosyedad” - “Sevilya” - 0:0;
“Valensiya” - “Espanyol” - 1:0.