REGİONAL EKOLOJİ LAYİHƏ HƏYATA KEÇİRİLİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Ekoloji informasiya, təhsil və ictimaiyyətin məlumatlılığı” regional layihəsinin təqdimat mərasimi olmuşdur. Nazir Hüseynqulu Bağırov bildirdi ki, “TASİS” proqramı çərçivəsində Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihə MDB-nin 6 ölkəsində - Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Belarusda, Moldovada və Ukraynada həyata keçirilir. Layihəni Hollandiyanın “Royal Haskoninq” şirkəti və Mərkəzi və Şərqi Avropa ölkələri üzrə Regional ekologiya mərkəzi gerçəkləşdirir. 2,5 milyon avro ayrılmış bu layihə 2004-cü ilin dekabr ayında başa çatdırılacaqdır.
Layihənin rəhbəri Veronika Vann onun mahiyyəti barədə danışaraq dedi ki, Orxus Konvensiyasının müddəalarını həyata keçirmək üçün layihə çərçivəsində vəzifəli şəxslərə, qeyri-hökumət təşkilatlarına, kütləvi informasiya vasitələrinə və ictimaiyyətə yardım göstəriləcəkdir. Layihənin əhatə etdiyi bütün ölkələrdə milli qruplar yaradılacaq və onların tərkibinə layihədə maraqlı olan əsas tərəflərin nümayəndələrindən ibarət 8 nəfərədək üzv daxil ediləcəkdir. Layihə çərçivəsində regional tədris-informasiya paketləri, konvensiya məsələlərinə dair təlimatlar hazırlanacaq, milli qrup üçün treninq keçiriləcək, milli və yerli səviyyədə pilot layihələri yerinə yetiriləcək, müxtəlif ölkələrə təlim səfərləri təşkil olunacaqdır.
Hüseynqulu Bağırov nazirliyin saytını da təqdim etdi. Saytda departamentlərin, müxtəlif xidmətlərin fəaliyyəti, milli proqramlar, perspektiv planlar barədə ətraflı məlumatlar verilmişdir.