Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi davam edir
Bakı, 7 mart, AZƏRTAC
Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir. Layihə Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilir.
Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.
Layihə çərçivəsində Sabirabad, Biləsuvar, Bərdə, Mingəçevir və Göyçay rayonlarını əhatə etməklə multiplayerlər tərəfindən hər rayonda iki gün təlim keçiriləcək. Təlimlər “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı -seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” kimi mövzuları əhatə edəcək.
Qeyd edək ki, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi ilk dəfə 2017-ci ilin iyul-sentyabr aylarında reallaşıb.