REGİONLARDA SUYA OLAN TƏLƏBAT TAM ÖDƏNİLƏCƏK
Ümumiyyətlə ötən il rayonlarda su təchizatı şəbəkələrinin və kanalizasiya xətlərinin çəkilişi, bərpası və yenidən qurulması ili kimi yadda qalmışdır. Hazırda həmin işlər davam etdirilir. Qazax rayonunun Şır-Şır bulaq su mənbəyi bərpa edilmiş və oradan şəhərə 2,7 kilometr uzunluğunda su xətti çəkilmişdir. Ağstafa rayonunda 1,1 kilometr uzunluğunda kanalizasiya xətti dəyişdirilmişdir. Şəmkirdə Cəyirçay hövzəsində uzun müddət istifadəsiz qalan kəhrizlər bərpa edilmiş, nəticədə şəhər əhalisinin su təchizatı yaxşılaşmışdır. Şəmkir şəhərinə Cəyircay su mənbəyindən 9,4 kilometr uzunluğunda su xəttinin çəkilişi, şəhərdə yeni kanalizasiya sisteminin tikintisi davam etdirilir.
Gədəbəy rayonunda Qaraçökək mənbəyində su xəttinin, Xanlar rayonunda kanalizasiya kollektorunun, Goranboyda Murovdağ mənbəyindən gələn su xəttinin 4,3 kilometrlik hissəsinin yenidən qurulması, Yevlax rayonunda 1 saylı kanalizasiya nasos stansiyasının yenidən qurulması və bərpası başa çatdırılmışdır.
Oğuz rayonu Xaçmaz kəndinin su təchizatını yaxşılaşdırmaq üçün 6,7 kilometrlik su xətti çəkilmişdir. Şamaxı, Quba, Siyəzən, Ağsu, Kürdəmir, Cəlilabad, Qax və Qusar rayonlarında da əhalinin içməli suya olan tələbatının tam və dolğun ödənilməsi üçün əməli tədbirlər həyata keçirilir.