Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO
Bakı, 5 oktyabr, AZƏRTAC
Müasir dövrdə uşaqlar birinci sinifdən əvvəl müəyyən rəqəmsal bacarıqlara yiyələnirlər. Bu bacarıqlardan düzgün və məqsədyönlü istifadə edilməsi şagirdlərin təlim prosesinə marağının artırılmasına və bilik səviyyəsinin yüksəldilməsinə imkan yarada bilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində 276 nömrəli məktəbin ibtidai sinif müəllimi İlahə Priyeva deyib. Müəllim bildirib ki, uşaqların məktəbə gələnədək rəqəmsal vasitələrdən müəyyən səviyyədə istifadə etməsi onların bu sahədə bacarıqlarının məhdudlaşdırılmasını deyil, əksinə, həmin bacarıqların düzgün istiqamətdə inkişaf etdirilməsini tələb edir. Rəqəmsal bacarıqlar tədris prosesində müəllim və şagird üçün müxtəlif imkanlar yaradır.
“Uşaq məktəbə gələndə artıq müəyyən rəqəmsal bacarıqlara yiyələnmiş olur. Lakin bu o demək deyil ki, biz həmin bacarıqları məhdudlaşdırmalıyıq. Əksinə, biz uşaqların mövcud rəqəmsal bacarıqlarını daha da inkişaf etdirməli və onları düzgün istiqamətləndirməliyik. Çünki rəqəmsal bacarıqlar tədris prosesində müəllim və şagird üçün bir sıra imkanlar yaradır. Dərslərin daha maraqlı və səmərəli təşkilində, müxtəlif məlumatların əldə edilməsində və yeni biliklərin mənimsənilməsində bu bacarıqlar bizə kömək edə bilər. Şagirdlərin bilik səviyyəsinin yüksəldilməsində rəqəmsal vasitələrdən düzgün və məqsədyönlü istifadə mühüm rol oynaya bilər.
Eyni zamanda, uşaqların rəqəmsal vasitələrdən necə və hansı məqsədlə istifadə etməsinə diqqət yetirmək lazımdır. Rəqəmsal bacarıqların inkişaf etdirilməsi uşağın gün ərzində uzun müddət telefon və ya digər cihazlardan istifadə etməsi anlamına gəlmir. Əsas məsələ uşağa texnologiyadan düzgün istifadə qaydasını öyrətmək və onun qarşısında keçirəcəyi zamanı məqsədyönlü təşkil etməkdir.
Bəzən valideynlər uşağın vaxtını keçirməsi və ya başını qatmaq üçün ona smartfon və digər mobil cihazlar verirlər. Biz valideynlərlə bu məsələ ilə bağlı söhbətlər aparır, onları maarifləndiririk. Valideynlərə izah edirik ki, uşağın telefondan həddindən artıq və nəzarətsiz istifadə etməsi onun həm fiziki, həm də zehni baxımdan yüklənməsinə səbəb ola bilər. Uşağın uzun müddət eyni vəziyyətdə oturması, ekrana diqqətlə baxması və hərəkətsiz qalması da onun gündəlik fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bundan başqa, telefon və digər rəqəmsal cihazlardan həddindən artıq istifadə uşağın dərsə diqqətini azalda bilər. Şagird bütün diqqətini telefona yönəltdikdə dərslərinə kifayət qədər vaxt ayırmaya, təlim prosesinə lazımi səviyyədə fokuslana bilməyə bilər. Bu da zamanla onun dərsə marağının azalmasına və öyrənmə prosesində çətinliklərlə qarşılaşmasına səbəb ola bilər.
Ona görə də burada əsas məsələ rəqəmsal vasitələri tamamilə məhdudlaşdırmaq deyil, onlardan düzgün və faydalı istifadəni öyrətməkdir. Uşaqlar rəqəmsal bacarıqlarını yalnız əyləncə üçün deyil, həm də öyrənmək, araşdırmaq və yeni biliklər əldə etmək üçün tətbiq etməyi bacarmalıdırlar. Bunun üçün məktəb və valideyn əməkdaşlığı da vacibdir. Müəllim şagirdə texnologiyadan təhsil məqsədilə istifadə etməyin yollarını göstərməli, valideyn isə onun ekran qarşısında keçirdiyi vaxta və istifadə etdiyi məzmuna nəzarət etməlidir. Beləliklə, rəqəmsal imkanlardan düzgün yararlanmaqla həm uşaqların bacarıqlarını inkişaf etdirmək, həm də onların təhsilə diqqətini qorumaq mümkündür”, - deyə İlahə Priyeva fikrini yekunlaşdırıb.