RƏSMİ BAKININ ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ MƏSƏLƏSİNDƏ MÖVQEYİ DƏYİŞMƏZDİR
Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz mövqeyini bir daha ATƏT-in Minsk qrupu həmsədrlərinin diqqətinə çatdırmışdır. Bu mövqe ondan ibarətdir ki, işğal altında olan ərazilərimiz geri qaytarılmalı və münaqişə ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 30-da keçirdiyi brifinqdə bildirmişdir.
XİN-in rəsmisi demişdir ki, Azərbaycan tərəfi vasitəçilərdən Ermənistanı münaqişənin həllində konstruktiv mövqe tutmağa çağıracaqlarını gözləyir.
Danışıqlar prosesində Dağlıq Qarabağ icmalarının iştirakına gəlincə, X.İbrahim vurğulamışdır ki, bu yalnız erməni hərbi birləşmələri Dağlıq Qarabağı və işğal altında saxladıqları digər əraziləri tamamilə tərk etdikdən, azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra mümkün olacaqdır.