Respublika şahmat turnirinin final mərhələsi keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Dünya Şahmat Olimpiadasının məktəblilər arasında təbliğinə həsr edilən respublika şahmat turnirinin final mərhələsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, turnirin finalında zona mərhələsi üzrə birinci və ikinci yerləri tutan komandalar mübarizə aparıblar.
Turnirin keçirilməsinin əsas məqsədi şagirdlər arasında şahmat idman növünü daha geniş yaymaq və valideynlərin məktəb həyatında fəal iştirakını təmin etməkdir.
Apreldən başlanan yarışlara 4 mindən artıq ümumi təhsil məktəbindən 55 minədək iştirakçı cəlb edilib. Komandaların tərkibi VIII və daha aşağı sinif şagirdləri olmaqla, 1 oğlan, 1 qız idmançı, həmçinin 1 valideyn və 1 müəllimdən ibarətdir.