Respublika Seysmoloji Xidmət Mərkəzində şəhidlərin xatirəsi anılıb
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçən 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, 28 il əvvəl baş vermiş faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən mərkəzin baş direktoru AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə keçmiş SSRİ-nin “Alfa” qrupunun Bakıda törətdiyi amansız qırğınlar haqqında danışıb. Bu hadisənin xalqın qan yaddaşında hər zaman qalacağını bildirən baş direktor gənc nəslin təlim-tərbiyəsində Azərbaycan xalqının qəhrəmanlıq tarixinin aşılanmasının zəruriliyini önə çəkib.
Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli 20 Yanvar hadisələrinin iştirakçısı kimi həmin günlərdə Bakıda baş verən hadisədən, rus və ermənilərdən ibarət sovet əsgərlərinin törətdiyi qırğın və vəhşiliklərdən bəhs edib.
Baş direktorun müavini Ramiz İsgəndərov öz çıxışında xalqın qan yaddaşının unudulmadığını bildirib, qırğınların Bakı ilə yanaşı Neftçala və Lənkəranda da törədilməsindən danışıb.