Rəssamlıq Akademiyası milli təsviri sənət irsinin qorunması və təbliği istiqamətində layihələri genişləndirir
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycan Rəssamlıq Akademiyası milli təsviri sənət irsinin qorunması, öyrənilməsi, müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində silsilə layihələr həyata keçirir.
Akademiyadan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, son bir il ərzində rəngkarlıq, qrafika, heykəltaraşlıq, memarlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə sərgilər, elmi-praktik konfranslar, yaradıcılıq layihələri, müsabiqələr və maarifləndirici tədbirlər təşkil olunub. Layihələrin əsas məqsədi milli bədii irsin qorunması ilə yanaşı, onun müasir incəsənət kontekstində yenidən interpretasiya edilməsi, gənc rəssamların milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsi və Azərbaycan təsviri sənətinin beynəlxalq səviyyədə tanıdılmasıdır. Akademiyanın 25 illik yubileyi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “25 il sənət yolu” sərgisi və eyniadlı kataloq da bu istiqamətdə mühüm layihələrdən biri olub.
Milli mədəni irsin təbliği baxımından III Beynəlxalq Xalça Festivalı çərçivəsində keçirilən sərgilər, ustad dərsləri və yaradıcılıq görüşləri də xüsusi əhəmiyyət daşıyıb. Layihələrdə Azərbaycan xalçaçılıq ənənələrinin müasir dizayn yanaşmaları ilə təqdim olunmasına diqqət yetirilib. Akademiyanın Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Qarabağın rəngləri: Faciədən Zəfərə” layihəsində isə Qarabağın tarixi, mədəni irsi, təbiəti və azadlıqdan sonrakı bərpa-quruculuq prosesi tələbə və müəllimlərin əsərləri vasitəsilə əks etdirilib.
Qərbi Azərbaycan İcması ilə birgə təşkil olunan “Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” respublika rəsm müsabiqəsi və yekun sərgisi də milli yaddaşın və mədəni irsin təsviri sənət vasitəsilə yaşadılmasına xidmət edib. Müsabiqə gənc rəssamların Qərbi Azərbaycanın tarixi, mədəni irsi və etnoqrafiyasına yaradıcı yanaşmalarının üzə çıxarılmasına imkan yaradıb.
Akademiya milli bədii irsi yalnız tarixi yaddaşın qorunması kimi deyil, həm də müasir incəsənətin inkişafı üçün mühüm yaradıcılıq mənbəyi kimi qiymətləndirir. Bu məqsədlə tədris prosesində klassik Azərbaycan rəssamlıq məktəbinin ənənələrinin öyrənilməsi ilə yanaşı, onların yeni texnologiyalar və müasir bədii ifadə vasitələri ilə inkişaf etdirilməsinə diqqət yetirilir. Yaxın perspektivdə milli təsviri sənət nümunələrinin rəqəmsallaşdırılması, elektron arxiv və məlumat bazalarının yaradılması, virtual muzey və sərgi platformalarının formalaşdırılması, Azərbaycan təsviri sənətinin beynəlxalq rəqəmsal platformalarda təqdim olunması və gənc rəssamların milli irs mövzusunda yeni layihələrə cəlb edilməsi nəzərdə tutulur.
Müxbir - Tünzalə Arazlı