ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi aprelin 3-də keçiriləcək
Bakı, 28 mart, AZƏRTAC
Aprelin 3-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, namizədlər martın 29-dan etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Qeyd edək ki, imtahanda iştirak üçün ərizə qəbulu internet vasitəsilə bu il martın 1-dən 10-dək aparılıb və 1239 namizəd elektron ərizə dolduraraq təsdiqləyib. Onlardan 853-ü qız, 386-sı isə oğlandır. Namizədlərdən 1085-i Azərbaycan bölməsinin, 154-ü isə rus bölməsinin məzunudur.