Robert Mobili: Dini icmalar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmalıdır
Bakı, 11 yanvar, AZƏRTAC
Hazırda dinin siyasiləşdirilməsi prosesi gedir və bu, yolverilməzdir. Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılmasının arxasında, şübhəsiz ki, erməni diasporu durur. Azərbaycanda birgəyaşayış modeli mövcuddur və biz bunu 44 günlük Vətən müharibəsində bir daha nümayiş etdirdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri yanvarın 11-də Alban-udi dini icmasının sədri Robert Mobili “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda keçirilən konfransda deyib.
Qarayaxma kampaniyasının əsas məqsədinin Azərbaycanda qeyri-sabitlik və çaxnaşma yaratmaq olduğunu vurğulayan icma sədri qeyd edib: “Amma onlar öz məqsədlərinə çata bilməyəcəklər. Əminliklə deyə bilərəm ki, ABŞ Dövlət Departamentinin qərəzli hesabatının hazırlanmasında erməni diasporunun əli var”.
Azərbaycanın multikultural ölkə olduğunu vurğulayan icma sədri ölkədə dini icmalarla bağlı heç bir problemin yaşanmadığını qeyd edib. Ölkədə kilsə və sineqoqların dövlət tərəfindən təmir edildiyini deyən Robert Mobili dini icmalara çağırış edərək onları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmağa çağırıb.