Rostropoviçlərin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Şeyla Heydərova açaraq 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını, şəhidlərin müstəqilliyimizin əldə olunmasında oynadığı rolu xüsusilə vurğulayıb. “M.Rostropoviç özünü dərk edəndən insan haqları uğrunda mübarizə aparmış, təqiblərə məruz qalsa da, insanlara qarşı haqsızlığı heç vaxt qəbul etməmişdir. M.Rostropoviç deyirdi: Musiqi ifa edərkən mən insan haqlarını müdafiə edirəm. Mənim üçün ən vacib insanların xoşbəxt və azad olduğunu bilməkdir”. Bu özünü onun demokratiya carçısı olan insanları müdafiəsində göstərir. Belə ki, 1969-cu ildən başlayaraq M.Rostropoviç Nobel mükafatı almış, tanınmış yazıçı A.İ.Soljenitsenə dəstək olub. O yazıçını müdafiə edənlərdən idi və öz şəxsi həyatını risk altına alaraq yazıçıya qarşı aparılan kompaniyaya öz etirazını bildirməkdən qorxmadı. O, nəinki A.İ.Soljenitsenin, təqiblərə məruz qalmış digər istedadlı şəxslərin- D.Şostakoviç, S.Prokofyev, B.Çaykovski müdafiəsinə də qalxıb. Bütün bunların nəticəsidir ki, M.Rostropoviç dəfələrlə müxtəlif ölkələrin orden və medalları ilə - 1991-ci ildə Parisdə “Gələcək naminə fond”u tərəfindən “İnsan haqları uğrunda mübarizəyə” görə mükafatına, 1997-ci ildə Fransada UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb”, - deyə muzeyin direktoru vurğulayıb.
Ş.Heydərova vurğulayıb ki, böyük musiqiçi 1998-ci ildə Bakıya gəlişlərinin birində Azərbaycanın ən ali mükafatı sayılan və şəxsən ümummilli lider Heydər Əliyev tərəfindən Maestroya təqdim olunan “İstiqlal” ordeninə layiq görülüb. O, çıxışlarının birində Bakı haqqında deyib: “Atam Azərbaycanı sevirdi, mənim anam da bu ölkəni çox sevirdi. Azərbaycana məhəbbət mənə irsən keçmişdir”.
Diqqətə çatdırılıb ki, M.Rostropoviç Azərbaycanın problemlərinə də heç vaxt biganə qalmayıb. Səfərlərinin birində öz istəyi ilə bir neçə qaçqın düşərgəsində olaraq yurd-yuvasını itirmiş insanlarla görüşüb və gördüklərindən təsirlənərək M.Rostropoviç Xeyriyyə Fondunun Azərbaycan filialını yaradıb və bu günə qədər o fond fəaliyyət göstərir.
Sonra tədbir bədii hissə ilə davam edib. Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Tədbirin musiqi proqramında Fortepianoda Prezident təqaüdçüsü, 11-ci sinif şagirdləri N.İsmayılovanın ifasında - F.Şopenin Etüd N.23, 9-cu sinif şagirdi F.Hüseynovanın ifasında S.Raxmaninov “Etüdi-Kartini Op.33, S.İsgəndərlinin ifasında A.Zeynallı “Ölkəm” romansı səsləndirilib. İfalar zamanı arxa fonda faciə qurbanlarına həsr olunmuş sənədli film təqdim edilib.
Sonra muzeyin zəngin fondunda saxlanan Əməkdar İncəsənət Xadimi L.Səfərovanın M.Rostropoviçin qaçqınlarla görüşündən bəhs edən “Mərhəmət” filmi nümayiş olunub. Tədbir M.Rostropoviçin ifasında səslənən və onun dua adlandırdığı İ.S.Baxın suita No.2 “Sarabanda” əsəri ilə yekunlaşıb.
Anım tədbirində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllim və şagird heyəti, memorial muzeylərin direktor və əməkdaşları iştirak ediblər.