ROSTROPOVİÇLƏRİN EV-MUZEYİNDƏ TƏQDİMAT
AZƏRBAYCAN RƏSSAMI MAESTROYA MƏHƏBBƏTİNİ XALÇA NAXIŞLARININ DİLİ İLƏ BİLDİRİB
AZƏRTAC-ın müxbiri xəbər verir ki, maestro xalçanın asıldığı otağın giriş qapısındakı simvolik qırmızı lenti kəsəndən sonra muzeyin kiçik elmi işçisi Lalə İbadova onun haqqında məlumat vermişdir. İstedadlı xalçaçı xanımların - Nailə və Rəbiyənin toxuduqları bu sənət əsərində nəbati ornamentlərindən istifadə olunmuşdur. Xalçada məşhur həmyerlimiz Qobustan qayasının “Yallı” rəqsi həkk olunmuş hissəsinə söykənmiş və “Oxuyan ağac”ın şaxələri ilə əhatə olunmuş violonçelin üzərində təsvir edilmişdir. Əsərin mərkəzinin ancaq Bakı xalçalarına məxsus xilə-buta ilə naxışlanması maestronun bakılı olmasına işarədir...
M.Rostropoviç heyrətini qısaca olaraq belə ifadə etmişdir: “İnana bilmirəm ki, adi iplərin dili ilə bu qədər şey demək olar!” O, rəssama minnətdarlığını bildirmiş, onunla xatirə şəkli çəkdirmişdir.
Dünya şöhrətli musiqiçi muzeyə özünün Fransanın Bordo şəhərinin gənc rəssamları tərəfindən şərabla çəkilmiş portretini hədiyyə etmişdir.
Mərasimdə Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu iştirak etmişlər.