Rusiya Federasiyasının Prezidenti Zati-Aliləri cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Əlamətdar yubileyiniz - anadan olmağınızın 60 illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün dost Rusiya Sizin rəhbərliyiniz altında cəmiyyət həyatının bütün sahələrinin təkmilləşdirilməsi və modernləşdirilməsi yolu ilə ardıcıl surətdə irəliləyir. Ölkənin beynəlxalq aləmdə artan nüfuzu, dünyada baş verən proseslərə münasibətdə onun fəal mövqeyi Sizin adınızla bağlıdır.
Siz Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə sanballı şəxsi töhfələr vermisiniz. Sevindirici haldır ki, bu münasibətlər keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatmışdır və indi strateji tərəfdaşlıq xarakteri daşıyır.
Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, çoxsahəli əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz xalqlarımızın rifahı, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə bundan sonra da hərtərəfli və dinamik inkişaf edəcəkdir.
Bizim aramızda yaranmış etimadı, dostluq münasibətlərini yüksək qiymətləndirirəm.
Əziz Vladimir Vladimiroviç, Sizə və bütün ailənizə səadət, firavanlıq və uğurlar arzulayıram.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 oktyabr 2012-ci il.