İDMAN
Rusiya Olimpiya Komitəsinin baş katibi: Bakıda Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində təşkil edilib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan birinci Avropa Oyunlarının keçirilməsi məsələsinə məsuliyyətlə yanaşıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Olimpiya Komitəsinin baş katibi Anastasiya Davıdova Azarkeşlər evinin açılışında jurnalistlərə müsahibəsində səsləndirib.
A.Davıdova deyib: “Tam səmimi deyirəm ki, Bakıya valeh olmuşam. Onun arxitekturasından tutmuş Azərbaycanın yarışlara və obyektlərin tikintisinə belə məsuliyyətlə yanaşmasına qədər hər şeyə heyran qalmışam. Heç şübhəsiz, bu, Olimpiya səviyyəsidir”.
A.Davıdova dünyanın müxtəlif ölkələrinin idman qurumlarının bəzi nümayəndələrinin ölkələrin çoxunun Avropa Oyunlarına komandaların ikinci heyətləri ilə qatılacağı barədə bəyanatlarını şərh edərək vurğulayıb ki, Avropa Oyunları idmanın bəzi növləri üzrə dünya çempionatları ilə bir vaxta düşüb.
O deyib: “Mən onları ikinci dərəcəli heyət yox, yeniyetmələrdən ibarət heyət adlandırardım. Bunlar tamamilə ayrı-ayrı şeylərdir. Yeniyetmələrdən ibarət heyət müəyyən yaş həddi üzrə güclü heyətdir. Məsələn, Rusiyanın sinxron üzgüçülük üzrə yığma komandası Bakıya 15-17 yaşlı ən güclü idmançıları gətirib”.
A.Davıdova onu da bildirib ki, birinci Avropa Oyunları gənc rusiyalı idmançıların çoxu üçün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat xarakteri daşıyacaq.