RUSİYA PREZİDENTİNİN MÜKAFATI UĞRUNDA ATÇAPMA YARIŞLARI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 22-də MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşü başa çatdıqdan sonra Moskvanın mərkəzi cıdır meydanında Rusiya Prezidentinin mükafatı uğrunda növbəti atçapma yarışları keçirilmişdir. Prezident Vladimir Putin bu yarışların keçirilməsi barədə 2003-cü ilin dekabrında müvafiq qərar imzalamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev, Özbəkistan Prezidenti İslam Kərimov, Moldova Prezidenti Vladimir Voronin, Tacikistan Prezidenti Emoməli Rəhmonov və Belarus Prezidenti Aleksandr Lukaşenko yarışları izləmək üçün Moskvanın mərkəzi cıdır meydanına gəldilər.
Qeyd edək ki, Moskvada atçapma yarışları ilk dəfə 2004-cü il iyulun 3-də keçirilmişdir. Həmin vaxt Türkmənistan və Belarus prezidentləri istisna olmaqla, MDB ölkələrinin liderlərinin hamısı Moskvaya gəlmişdi. Builki yarışları isə səkkiz prezident izləmişdir.
Rusiya Prezidentinin mükafatı uğrunda atçapma yarışları haqqında əsasnaməyə uyğun olaraq, cıdırda üç və daha çox yaşı olan at iştirak edə bilər. Yarışların mükafat fondu 6 milyon rubldur. Bu il jakeylər 1800 və 2000 metr məsafələrdə beş mükafat uğrunda mübarizə aparırdılar.
Azərbaycanın “Eşqiyyə” adlı zil qara atı və Rusiyanın “Satellit” köhləni mənzil başına bərabər çatmışdır. Fotofiniş göstərmişdir ki, bu atlar finiş xəttini, necə deyərlər, başabaş keçmişdir. Beləliklə, qaliblərin hər biri 3 milyon rubl mükafat almışlar. Xatırladaq ki, “Eşqiyyə” 60 dəfə beynəlxalq yarışlarda iştirak etmiş və onun 14-ündə yüksək nəticə göstərərək medallara layiq görülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət başçıları yarışları böyük maraqla izlədilər.
Sonda qalib çaparlara mükafatlar təqdim edildi.
Bununla da Rusiya Prezidentinin mükafatı uğrunda II atçapma yarışları başa çatdı.