SİYASƏT
Rusiya XİN: Moskva Qarabağ ermənilərinin bir hissəsinin qayıtmaq istədiyi barədə informasiya alır

Moskva, 4 oktyabr, AZƏRTAC
Moskva Qarabağ ermənilərinin bir hissəsinin “qayıtmağı düşündükləri” barədə informasiya alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Moskvada keçirdiyi brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
M.Zaxarova deyib: “Biz Qarabağ sakinlərinin bir hissəsinin qayıtmağı düşündükləri barədə informasiya alırıq, onlar bunu ifadə edirlər. Həmin şəxslərə bunun üçün şərait yaradılacaq və onların təhlükəsizliyi təmin ediləcək. Belə olacağı təqdirdə, biz Azərbaycan tərəfi ilə təmas şəraitində bu proseslərə də kömək edəcəyik” .
Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi, həmçinin Qarabağda saxlanılan separatçılarla bağlı suala da cavab verib. O qeyd edib ki, onların hamısı Ermənistan vətəndaşlarıdır.
Diplomat vurğulayıb: “Əgər rəsmi İrəvanın sizin söylədiyiniz həmin vətəndaşlarına kömək məqsədi ilə nə etdiyini soruşsanız, bu suala Ermənistan XİN-in rəsmi nümayəndəsi cavab verməlidir. Rusiyanın nə etdiyini soruşmaq istəsəniz, ilk növbədə xatırlatmaq lazımdır ki, sözügedən şəxslər Ermənistan vətəndaşlarıdır. Onların bəziləri Rusiya vətəndaşlığından imtina edib, bir neçəsinin isə əvvəldən yalnız Ermənistan vətəndaşlığı olub. Hazırda sizin xatırlatdığınız insanların heç biri Rusiya vətəndaşı deyil”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva