RUSİYADA MİQRASİYA QAYDALARI HAQQINDA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyada xarici əmək fəaliyyətini və digər miqrasiya praktikasını tənzimləyən yeni qanunvericilik yanvarın 15-dən qüvvəyə minmişdir. Qəbul olunmuş sənədlər paketi icbari qeydiyyat əvəzinə, miqrasiya uçotu proseduru nəzərdə tutur.
Beləliklə, Rusiya ərazisində son məntəqəyə gələn əcnəbi vətəndaş gəlişi barədə miqrasiya xidmətinə üç iş günü ərzində iki üsulla məlumat verməlidir: o, ya Federal Miqrasiya Xidmətinin ərazi şöbəsinə şəxsən gəlməli, yaxud da poçtla qiymətli məktubla xəbərdarlıq göndərməlidir. Poçt xidmətinə görə ödənişin məbləği 118 manat həcmində müəyyən edilmişdir. Əcnəbi vətəndaş miqrasiya kartı ilə birlikdə poçt ödənişi haqqında qəbzi də özündə saxlamalıdır. Yeni qaydalara uyğun olaraq, Rusiyada müvəqqəti, yaxud daimi yaşayan əcnəbi vətəndaşlar RF-də yaşadığını vaxtaşırı təsdiqləməlidir.
RF hökuməti əcnəbilərin ölkədə yaşadığını təsdiqləyən sənədin verilməsi qaydasını və belə xəbərdarlıq formasını təsdiq etmişdir. Bundan ötrü pasportu və müvəqqəti yaşamaq üçün icazəni təqdim etmək lazımdır. Qanuna görə, müvəqqəti yaşayan əcnəbi xəbərdarlığı müvəqqəti yaşamaq üçün icazə aldığı gündən növbəti il bitənədək iki ay ərzində təqdim etməli və özünün daimi yaşadığını hər il təsdiqləməlidir. Xüsusi xəbərdarlıq blankında adi məlumatlarla yanaşı, iş yeri və vəzifə, gəlirin məbləği və mənbələri (gəlirlər haqqında iş yerindən arayış, vergi bəyannaməsi və s.) göstərilməlidir.
İşləməyə icazə almaq üçün Federal Miqrasiya Xidməti lazımi sənədlərin blanklarını hazırlamışdır: işləməyə icazə üçün ərizə, işləməyə icazənin özü üçün blank, əcnəbi işçi qüvvəsinin cəlb və ondan istifadə edilməsi haqqında işəgötürən üçün ərizənin blankı və əcnəbi işçi qüvvəsindən istifadə üçün icazə blankı.