RUSİYADA TERRORÇULARIN EDAM EDİLMƏSİ MƏSƏLƏSİNƏ BAXILA BİLƏR
Deputat demişdir: “Hesab edirəm ki, biz vaxtilə ölüm cəzasına qadağa qoymaqda tələsmişik. Əgər indi beynəlxalq razılaşmalardan imtina etsək, yenə də tələsmiş olarıq. Amma vəziyyət elədir ki, bu məsələyə baxmamaq, prinsipcə, mümkün deyildir”.
Məlum olduğu kimi, Rusiyada ölüm cəzasına yol verilməsi, onun tətbiqinin mümkünlüyü məsələsi Cinayət Məcəlləsi və Prezident Boris Yeltsinin 1996-cı ildə imzaladığı ölüm cəzasına qadağa qoyulması haqqında fərman ilə tənzimlənir. Bu fərman Rusiyanın Avropa Şurasına daxil olması ərəfəsində imzalanmışdır. Çünki ölüm cəzasına qadağa qoyulması Rusiyanın həmin təşkilata qəbul edilməsinin şərtlərindən biri idi.
RF Konstitusiyasının 20-ci maddəsində deyilir ki, ölüm cəzası və onun ləğv edilməsi insan həyatına qarşı xüsusi ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi federal qanunla müəyyən oluna bilər. Cinayət Məcəlləsində ancaq ağırlaşdırıcı hallarda qətlə görə, xüsusi səlahiyyətə malik insanların həyatına qəsd edilməsinə və soyqırıma görə cəza kimi ölüm hökmünün tətbiqinin mümkünlüyü nəzərdə tutulur.
Xatırladaq ki, ölüm cəzası 72 ölkədə tamamilə qadağan edilmişdir, 30 ölkədə isə 15 ildir tətbiq olunmur. Bu cəza növü Afrika ölkələrində, şəriət qanunlarının qüvvədə olan ərəb dövlətlərində, Çində, Yaponiyada, Azərbaycandan savayı, digər MDB ölkələrində saxlanılır, ABŞ-ın 36 ştatında ləğv edilməyib və ağırlaşdırıcı hallarda qətl törədilməsinə görə həyata keçirilir.