RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILAR ÖLKƏNİN DİGƏR XALQLARI İLƏ DOSTLUĞU MÖHKƏMLƏNDİRİRLƏR
Noyabrın 26-da Moskvada Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) prezidenti Məmməd Əliyev və Rusiya Xalqları Assambleyasının sədri Ramazan Abdulatipov azərbaycanlılarla Rusiyanın bütün xalqlarının nümayəndələri arasında dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi haqqında saziş imzalamışlar. ÜAK və Nikolay Baybakovun başçılıq etdiyi “Azərbaycanla dostluq” regionlararası ictimai təşkilatı arasında da bu cür saziş imzalanmışdır.
Bu sənədlərin imzalanmasından əsas məqsəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin, mədəni və işgüzar əməkdaşlığın inkişafına kömək etmək, mövcud qanunvericiliyə uyğun olaraq əməkdaşlıq etmək, razılaşdırılmış birgə addımlar atmaq, idarə və təşkilatlar, ictimai birliklər, habelə Rusiya və Azərbaycan vətəndaşları arasında ictimai, mədəni, elmi, iqtisadi və digər əlaqələrin inkişafı sahəsində əməkdaşlığı, ölkələrimizin xalqları arasında qarşılıqlı anlaşmanın və etimadın dəstəklənməsinə və möhkəmlənməsinə yönəldilmiş fəaliyyəti əlaqələndirməkdir. Sənədlərdə ölkənin ictimai həyatında millətlərarası münaqişələrə, etnik-siyasi ekstremizm təzahürlərinə yol verilməməsi, Konqres və Assambleyanın dialoq vasitələri və metodları ilə onların qarşısının alınması, milli mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaşın hüquq və azadlıqlarının, o cümlədən ana dilini qoruyub saxlamaq və inkişaf etdirmək hüququnun qorunması, habelə millətlərarası mübahisə və ixtilafların həllinə kömək göstərilməsi üçün bu təşkilatların tədbirlərini əlaqələndirmək nəzərdə tutulur.
ÜAK-ın prezidenti Məmməd Əliyev bu sazişləri şərh edərək dedi ki, biz bunları imzalamaqla, Rusiyada vətəndaş cəmiyyətinin möhkəmlənməsinə təkan verəcək səmərəli əməkdaşlığa və konsruktiv qarşılıqlı fəaliyyətə ümid bəsləyirik. ÜAK regionlarda sülhün və sabitliyin təmin olunması, xalqlar dostluğu və Rusiyanın birliyi ideologiyasının cəmiyyətdə bərqərar edilməsi naminə Rusiya Xalqları Assambleyasının tədbirlərinin həyata keçirilməsini hər vasitə ilə dəstəkləyəcək və ona kömək göstərəcəkdir. O, həmçinin bildirdi ki, ÜAK federal və regional dövlət hakimiyyəti orqanları ilə, milli münasibətlər sahəsində iş üçün yaradılmış strukturlarla sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərəcəkdir.
Rusiya Xalqları Assambleyasının sədri Ramazan Abdulatipov da imzalanmış sənədlərdən məmnun qaldığını söylədi. O, ümidvar olduğunu bildirdi ki, birgə səylərlə çox problemi həll etmək mümkündür, bu saziş isə xalqlarımızın dostluğunu yeni tarixi şəraitdə möhkəmləndirəcəkdir. R.Abdulatipov vurğuladı ki, onun başçılıq etdiyi təşkilat Ümumrusiya Azərbaycan Konqresinin Rusiyanın dövlət təşkilatları və ictimai təşkilatlar ilə qarşılıqlı fəaliyyətinə kömək göstərəcəkdir.
“Azərbaycanla dostluq” regionlararası ictimai təşkilatın prezidenti Nikolay Baybakov mərasimdə çıxış edərək, bu sənədin imzalanmasına şad olduğunu bildirdi, çünki, onun fikrincə, hər bir şəraitdə Azərbaycanla bütün sahələrdə sıx əlaqələr saxlamaq zəruridir. N.Baybakov əməkdaşlığa yönəldilmiş konkret tədbirlər planının işlənib hazırlamasının vacibliyini də vurğuladı.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva