RUSİYADA YAŞAYAN AZƏRBAYCANLILAR TERRORİZMİ QƏTİYYƏTLƏ PİSLƏYİRLƏR
Təşkilatın AZƏRTAC-a daxil olmuş müraciətində deyilir: “Rusiyada son günlər baş vermiş faciəli hadisələr – təyyarələrin partladılması, Moskva metrosunda terror aktı, Beslan şəhərində dəhşətli faciə törədilməsi Rusiyanın Volqaboyu Federal Dairəsində və Ulyanovsk vilayətində yaşayan biz azərbaycanlıların qəlbini göynətdi. Bu dəhşətli, insanlığa zidd əməllər bir zəncirin halqası – alçaq niyyətdir və Rusiyaya qarşı, keçmiş İttifaq məkanında məskunlaşmış insanlara qarşı yönəldilən və peşəkarlıqla hazırlanmış çirkin texnologiyadır.
Biz, azərbaycanlılar terrorizmə, terrorçuların törətdikləri cinayətlərə qətiyyətlə və yekdilliklə “Yox!” deyirik.
Terrorçunun qanlı əllərinin törətdikləri heç bir dinə, heç bir mentalitetə, heç bir şüura uyğun gələ bilməz və onlar tərəfindən qəbul edilə bilməz. Əslində, terrorçular insan deyillər, dinsiz, milliyyətsiz, vicdanı olmayan vücuddurlar.
Onlar bütün Rusiyaya, hər bir rusiyalıya meydan oxuyaraq, bizi qorxutmağa və bir-birimizdən ayrı salmağa çalışır, ölkədə ictimai-siyasi vəziyyəti kəskinləşdirməyə ümid bəsləyir və buna can atırlar.
Bu gün Rusiyada təxminən 2 milyon azərbaycanlı yaşayır. Buna görə də biz baş verən hadisələrə biganə qala bilmərik. Bu torpaq bizim bir çoxumuzu bəsləyib boya-başa çatdırmış, bizə ev-eşik və çörək vermiş, Vətənimiz olmuşdur. Odur ki, biz heç kimə ona qəsd etməyə və ya bizdə qorxu, vahimə və inamsızlıq yaratmağa imkan verməyəcəyik”.
Müraciətdə daha sonra vurğulanır: “Biz bütün həmvətənlərimizi baş verən hadisələrin siyasi-ictimai mahiyyətini başa düşməyə və ayıq-sayıq olmağa, Rusiya Federasiyasının qanunlarına ciddi surətdə və dönmədən əməl etməyə, asayişin və təhlükəsizliyin təmin olunmasına kömək göstərməyə çağırırıq”.