Rusiyadakı Azərbaycan icması ulu öndər Heydər Əliyevin xatirəsini anıb
Moskva, 13 dekabr, AZƏRTAC
Moskvadakı Azərbaycan İcması Evində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər haqqında sənədli film nümayiş etdirilib.
Tədbiri açan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) prezidentinin müavini Manaf Ağayev qeyd edib ki, Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafına həmişə xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə birlikdə bu münasibətlərin yüksək səviyyəyə qalxması üçün səylərini əsirgəməyib, bu əlaqələrin möhkəm təməlini yaradıb. Heydər Əliyevin vəfatından sonra Prezident Vladimir Putin şəxsən Azərbaycana gedərək öz adından və Rusiya xalqı adından bu ağır itki ilə əlaqədar xalqımıza başsağlığı verib.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bildirib ki, Heydər Əliyev təkcə Rusiyada deyil, bütün dünya ölkələrində Azərbaycan diasporunun əsasını qoyub. Diplomat vurğulayıb ki, Ulu Öndər səfər etdiyi bütün ölkələrdə diaspor nümayəndələri ilə görüşər, onları birliyə, mərkəzləşdirilmiş vahid diaspor yaratmağa çağırardı. Sevindirici haldır ki, bu gün burada bütün diaspor təşkilatlarının nümayəndələri iştirak edirlər. Çünki bizim gücümüz birliyimizdədir. Heydər Əliyev Azərbaycan diasporunu məhz belə güclü görmək istəyirdi.
ÜAK-ın icraçı direktoru İlqar Hacıyev çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyev ÜAK-ın yaradıcısıdır. Ulu Öndərin sayəsində Konqres Rusiyanın bütün bölgələrindəki Azərbaycan diaspor təşkilatlarını birləşdirirək uğurla fəaliyyət göstərir. Heydər Əliyev Azərbaycanı böhrandan çıxaran, ölkəmizi işıqlı gələcəyə yönəldən dünya şöhrətli siyasi xadimdir. Biz azərbaycanlılar dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, onun siyasi kursuna həmişə sadiq qalmalıyıq.
Xatirə gecəsində ÜAK-ın Sankt-Peterburq bölməsinin rəhbəri Samir Məmmədov, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, şairə, Azərbaycan və Rusiya Yazıçılar ittifaqlarının üzvü Afaq Şıxlı, şair İlham Bədəlbəyli və başqaları çıxış ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva