RUSİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ SƏLAHİYYƏT MÜDDƏTİNİN BAŞA ÇATMASI İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI KEÇİRMİŞDİR
Səfir Beslanda baş vermiş dəhşətli terror aktı ilə əlaqədar göstərilmiş yardım və hayanlığa görə ölkəmizin rəhbərliyinə və bütün Azərbaycan xalqına təşəkkürünü bildirərək dedi ki, bu faciə zamanı zərərçəkənlərin ehtiyacları üçün Azərbaycandan 7,5 ton dava-dərman göndərilmişdir. Səfirin qeyd etdiyi kimi, hərçənd Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması ilə əlaqədar ölkənin özündə yardıma ehtiyac duyan yüz minlərlə qaçqın-köçkün var.
Nikolay Ryabov respublikamızda fəaliyyətindən danışaraq vurğuladı ki, burada işlədiyi dövrdə Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələr genişlənmişdir.
Diplomat bu əlaqələrin indiki yüksək səviyyəsinin ümummilli lider Heydər Əliyevin və Prezident Vladimir Putinin şəxsi dostluq münasibətləri sayəsində də təmin olunduğunu vurğulayaraq dedi ki, ölkələrimiz arasında siyasi-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq uğurla davam etdirilir, dövlətlərimizin başçıları indi də sıx səmimi münasibət saxlayırlar. Prezidentlər İlham Əliyev və Vladimir Putin ölkələrimiz üçün qarşılıqlı maraq doğuran bir çox məsələlər barəsində daim geniş fikir mübadiləsi aparırlar.
Nikolay Ryabov ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Rusiya arasında əlaqələr, strateji tərəfdaşlıq dövlət başçılarının siyasi iradəsi sayəsində bundan sonra da uğurla inkişaf edəcək və dərinləşəcəkdir.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından danışaraq bəyan etdi ki, Rusiya bu problemin tezliklə və ədalətlə həllində, bütün qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasında maraqlıdır.
Nikolay Ryabov ölkəmizdə işlədiyi dövrdə onun üçün yaradılmış əlverişli şəraitə görə təşəkkür etdi.