DÜNYA
Rusiyanın Sosva kəndində yanan binaların sayı 100-ə çatıb
![Rusiyanın Sosva kəndində yanan binaların sayı 100-ə çatıb](/files/2023/1/1200x630/16824569621330521153_1200x630.jpg)
Bakı, 26 aprel, AZƏRTAC
Rusiyanın Sverdlovsk vilayətinin Sosva kəndində baş vermiş yanğın nəticəsində yanan binaların sayı təxminən 100-ə çatıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Yanğın nəticəsində 92 tikili zədələnib. Yanğının söndürülməsi və insanların təxliyəsi zamanı 1 nəfərin öldüyü aşkarlanıb", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Külək alovun sürətlə yayılmasına şərait yaradıb. Su mənbələri kənddən xeyli aralıda yerləşir. “Yanğının baş verdiyi əraziyə suyun verilməsi üçün yanğınsöndürənlər Sosva çayından ümumi uzunluğu 2 kilometr olan magistral su xətləri çəkiblər”, - deyə Fövqəladə Hallar Nazirliyi əlavə edib.
Yanğınla 120 nəfər və 33 texnika, o cümlədən 2 yanğınsöndürən qatarı, Rusiya Fövqəladə Hallar Nazirliyinin və Milli Qvardiyanın helikopteri mübarizə aparır.
Daha əvvəl bildirilmişdi ki, çərşənbə axşamı günortadan sonra Sosvada 30 binanı əhatə edən yanğın olub. Kənddə yerləşən tibb islah müəssisəsindən 240 məhkum təxliyə edilib. Kənd sakinləri üçün müvəqqəti yaşayış yeri yaradılıb.