Rza Ərdakiyan: Araz çayı İran ilə Azərbaycanın arasındakı dostluq və qardaşlığın rəmzidir
Tehran, 31 may, AZƏRTAC
Azərbaycan ilə İran arasından axan Araz çayı dostluq və qardaşlıq çayıdır. Bu çayın sahilində yaşayan xalqlar daim mehriban olublar.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın energetika naziri Rza Ərdakiyan Araz və Mil-Muğan su qovşağının 50 illik yubileyi münasibətilə sərhəddə keçirilən mərasimdə çıxış edərkən deyib.
O bildirib ki, Araz çayı onun sahilində yaşayan xalqların iqtisadi inkişafına böyük töhfələr verib. Çayın suyundan kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin inkişafı üçün istifadə edilib. Çay, həmçinin sərhədyanı regionlarda yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasında böyük rol oynayıb.
Araz çayı İran ilə Azərbaycan arasında heç vaxt mübahisə mövzusu olmayıb. Məhz bu səbəbdən də bu çay dostluq və qardaşlığın rəmzi hesab edilməlidir.
Rza Ərdakiyan diqqətə çatdırıb ki, İran ilə Azərbaycan müştərək tarixə, mədəniyyətə, dini və milli-mənəvi dəyərlərə malikdirlər. Bu dəyərlər üzərində qurulan dostluq əlaqələri əsrlər boyu davam edib və bundan sonra da davam edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran