Saatlı rayonunda fəaliyyətə başlayan GPS stansiya unikallığı ilə seçilir
Bakı, 31 oktyabr (AZƏRTAC). AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) bu il respublika ərazisində 20-dən çox GPS stansiyası quraşdırmağı planlaşdırır. Artıq 21 GPS stansiya fəaliyyətə başlamışdır.
RSXM-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ərazisində Yer qabığının ayrı-ayrı tektonik bloklarının horizontal hərəkətlərinin sürətlərini və istiqamətlərini müəyyənləşdirmək məqsədi ilə istifadəsi nəzərdə tutulan bu stansiyalar Xəzərdəki Çilov adasından tutmuş, dağlıq və depressiya zonalarının müxtəlif hissələrində quraşdırılır.
Bu günlərdə fəaliyyətə başlayan GPS stansiya isə öz unikallığı ilə seçilir. Bu stansiya Saatlı rayonu ərazisində yerləşən və dünyada qazılmış ən dərin (8.324 metr) quyulardan birinin üzərində quraşdırılmışdır. Bu stansiya Yer səthində quraşdırılmış digər GPS stansiyalardan fərqli olaraq yer qabığının daha dərin qatlarında gedən horizontal hərəkətlərin yer səthi üzrə ölçülən hərəkətlərdən sürət fərqini qiymətləndirməyə, həmin hərəkətlər nəticəsində yaranan gərginlik sahələrinin potensial ocaq zonaları ilə əlaqəsini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Stansiyada görülən işlərlə yerində tanış olmaq üçün AMEA nəzdində RSXM-nin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli və mərkəzin əməkdaşları Saatlı rayonunda olmuşlar.
Qeyd edək ki, Saatlı rayonunda qazılmış bu quyu dərinliyinə görə keçmiş SSRİ məkanında ikinci quyu olmuşdur. Quyunun 15 kilometrə qədər qazılması nəzərdə tutulsa da, bir sıra texniki problemlərlə əlaqədar qazma işləri dayandırılmışdır.
Qazma işləri dayandıqdan sonra uzun müddət quyu istifadəsiz və baxımsız qalmışdır. RSXM rəhbərliyinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciəti nəticəsində tədqiqat işlərinin aparılmasında keyfiyyətin daha da yüksəldilməsi məqsədi ilə RSXM-ə verilmişdir.