Saatlıda bu mövsüm 4 ton barama istehsalı nəzərdə tutulur
Saatlı, 3 fevral, Mahir Babayev, AZƏRTAC
Saatlıda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 3 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını daha da artırmaq üçün indidən hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə ayrı-ayrı rayonun yaşayış məntəqələrində 101 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 91 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 3 ton 180 kiloqram məhsul istehsal olunub. İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, ipəkqurdu bəsləniləcək tikililərə baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır. Bu isə barama qurdu bəsləmək istəyən sakinlərin sayının getdikcə artmasına səbəb olur. Artıq rayonda ipəkqurdu bəsləmək istəyən 100-dən çox kümçü qeydə alınıb.
Qeyd edək ki, aprel ayından başlayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.