İDMAN
Sabah futbol üzrə XXI dünya çempionatı start götürəcək
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 14-də Moskvada futbol üzrə XXI dünya çempionatına start veriləcək.
AZƏRTAC xəbər verir ki, dünyanın ən nüfuzlu idman yarışı Bakı vaxtı ilə saat 18:30-da möhtəşəm açılış mərasimi ilə başlayacaq. Açılış mərasimi və ilk oyun Moskvadakı 81 min tamaşaçı tutumuna malik “Lujniki” stadionunda keçiriləcək. Çempionatın açılış mərasiminin şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo iştirak edəcəklər.
Açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.
Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:
“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;
“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;
“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;
“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;
“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;
“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası
“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;
“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.
Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.
Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Birgünlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 6-da və 7-də dörddəbir final, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.
Xatırladaq ki, növbəti - XX dünya çempionatı 2022-ci ildə Qətərdə keçiriləcək. FIFA-nın qəbul etdiyi yeni dəyişikliklərə əsasən, 2026-cı ildə təşkil olunacaq dünya çempionatında 48 komanda mübarizə aparacaq.