“Sabah”ın sabiq futbolçusu: Neymar və Benzemaya qarşı oynamaq fantastik hissdir - MÜSAHİBƏ
Bakı, 28 fevral, AZƏRTAC
2018-2021-ci illər mövsümündə "Sabah" komandasında çıxış etmiş serbiyalı futbolçu Filip İvanoviç AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.
- Hazırda Özbəkistanın “Navbahor” komandasında çıxış edirsiniz. İşləriniz necə gedir?
- Klubda işlərim çox yaxşı gedir. Hər şeydən razıyam. Hər kəs bizdən yaxşı nəticələr gözləyir. Bu cür təzyiq altında oynamağı sevirəm. Ümid edirəm ki, mövsümün sonunda titul qazanaraq azarkeşlərimizi sevindirəcəyik.
- Bu komandanın heyətində Asiya Çempionlar Liqasında ulduz futbolçulara qarşı oynamısınız. Neymar və Kərim Benzema kimi böyük oyunçularla qarşılaşmaq necə hissdir?
- Çempionlar Liqasında tarixi nəticə əldə etdik. Əvvəlcə qrupdan çıxdıq, sonra isə 1/8 finala vəsiqə qazandıq. Təəssüf ki, bu mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a məğlub olduq. Ancaq bu cür ulduz futbolçuların çıxış etdiyi komandalara qarşı sonadək mübarizə apardıq. Komanda yoldaşlarımla fəxr edirəm.

- Neymar və Benzema ilə ilk dəfə üz-üzə gələndə həyəcanlanmadınız?
- Neymar, Benzema, Kante, Fabinyo, Malkom, Mitroviç, Kulibali, Milinkoviç-Saviç kimi ulduz futbolçulara qarşı oynamaq fantastik hissdir. Həmin oyunlarda yaxşı çıxış etdiyimi deyə bilərəm. Buna sübut kimi iki dəfə Asiya Çempionlar Liqasının ən yaxşı oyunçuları arasında yer almağımı göstərmək olar.
- Azərbaycanda, “Sabah” klubunda keçirdiyiniz üç mövsümü necə xatırlayırsınız?
- Mən hər zaman "Sabah"da keçirdiyim illəri müsbət məqamlarla xatırlayacağam. Orada olduğum üç il ərzində həm futboldan, həm də Bakıdakı həyat tərzindən zövq aldım. Mən Azərbaycanda yalnız "Sabah"da oynayaram. Klub prezidenti Maqsud Adıgözəlovla da münasibətim yaxşıdır.
- Özbəkistan və Azərbaycan futbolunu necə müqayisə edərdiniz?
- Hər iki ölkənin çempionatı maraqlı keçir. Komandalar arasında rəqabət var. Müqayisə etməzdim. Çünki hər liqanın özünəməxsus tərəfləri var.

- Bəs, iki ölkənin həyat tərzi arasındakı fərqlər nələrdir?
- Bakı ilə bağlı fantastik xatirələrim var. Ən sevimli şəhərlərimdən biridir. Azərbaycanda mənə olan hörməti burada da hiss edirəm. Küçəyə çıxdığım zaman hər kəs şəkil çəkdirmək üçün yaxınlaşır. Özbəkistanda insanlar futbolu çox sevirlər. Hazırda yaşadığım Namanqan şəhərini ömrümün sonunadək xoş hisslərlə xatırlayacağam.
- “Sabah”ın oyunlarını izləyirsiniz?
- Əlbəttə, izləyirəm.
- Keçmiş komandanızın bumövsümkü nəticələri o qədər də ürəkaçan deyil. Sizcə, səbəb nə ola bilər?
- Bu, futboldur və hər komandanın eniş dövrü olur. Amma heç nə bitməyib. Heyətdə yüksək səviyyəli yerli və əcnəbi oyunçular var. Əsl fanatlar hər zaman klubun yanında olanlardır. Bilirəm ki, "Sabah" rəhbərliyi vəziyyəti düzəltmək üçün əlindən gələni edir. İnanıram ki, sevimli komandam ayağa qalxacaq və sonadək mübarizə aparacaq. Hər kəsə uğurlar arzulayıram.