Şagirdlər narkotik vasitələrin zərərləri barədə məlumatlandırılıblar
Bakı, 13 may, AZƏRTAC
Paytaxtdakı 39 nömrəli tam orta məktəbdə “Biz sağlam düşüncəyə sahibik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
Tədbirdə Dövlət Komissiyasının İşçi qrupunun, məktəbin təlim-tərbiyə üzrə müavini, sinif rəhbərləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.