Şagirdlərə narkotik vasitələrin insan sağlamlığına zərərləri barədə məlumat verilib
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Gələcəyimizi qoruyaq, narkotiklərə yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib.
Tədbir Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, tədbirdə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclər Fondunun nümayəndəsi, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Bakı şəhəri Narkoloji Mərkəzin həkim narkoloqu iştirak edərək yeniyetmələr arasında narkotik vasitələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərəri və mənfi təsiri, o cümlədən asudə vaxtın səmərəli təşkil edilməsi barədə geniş məlumat verilib. Həmçinin şagirdləri maraqlandıran suallara ətraflı cavab verilib.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılıb.