Şagirdlərimi Şəhidlər xiyabanına gətirməyi və 20 Yanvar barədə məlumatlandırmağı özümə borc bilirəm
Bakı, 20 yanvar, AZƏRTAC
Hər il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin, şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilir. 20 Yanvar xalqımızın qan yaddaşıdır. Azərbaycan xalqı 20 Yanvar faciəsini heç vaxt unutmayacaq. Hər il olduğu kimi, bu il də Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın məzarlarını sinfimin şagirdləri və onların valideynləri ilə birlikdə ziyarət edir və məzarların üzərinə gül dəstələri qoyuruq. Çünki biz müəllimlər vəzifə borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq. Belə ziyarətlər uşaqların yaddaşında qalacaq və onlar şəhidlərimizi heç vaxt unutmayacaqlar.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Nərimanov rayonunun 212 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Gülnarə Qəmbərova AZƏRTAC-a müsahibəsində deyib.
20 Yanvar faciəsinin canlı şahidi olduğunu və bu haqda danışanda kövrəldiyini qeyd edən G.Qəmbərova deyib: “Mən bir müəllimə kimi, bu gün də çalışıram ki, 20 Yanvar günü xalqımızın başına gətirilən hadisələri şagirdlərimə olduğu kimi çatdırım. Bu gün bu məqsədlə Şəhidlər xiyabanına üz tutmuşam ki, şagirdlərə bunu bir daha anladım. Çünki onlar o dövrü, o ağrı-acını yaşamayıblar. Mən çox istərdim ki, uşaqlar bu faciə nəticəsində xalqımızın hansı itkiləri verdiyinin şahidi olsunlar. Şəhidlər xiyabanında necə mərd Vətən övladlarının uyuduğunu görsünlər. Çünki bu ağrı-acını Azərbaycan xalqı bu gün də xatırlayır və daim qəlbində yaşadır. 20 Yanvar günündə hər bir vətəndaşın Şəhidlər xiyabanına üz tutması və şəhidlərimizin xatirəsini yad etməsi vətəndaşlıq borcudur”.