“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 13 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 269 nömrəli tam orta məktəbdə təşkil olunub.
Tədbirdə məktəblilərə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumat verilib.
Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Qida məhsullarını alarkən nəyə diqqət etməliyik?” və “Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti” mövzularında təqdimatlar edilib.
Məktəblilərin diqqətinə çatdırılıb ki, qida təhlükəsizliyi ilə əlaqədar hər hansı problemlə qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.