Şahbuz rayonunun Keçili kəndində torpaq sürüşməsi baş vermişdir
Şahbuz, 8 may (AZƏRTAC). Mayın 6-da axşam saatlarında Şahbuz rayonunun Keçili kəndində torpaq sürüşməsi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Keçili kəndinə gəlmiş, yaranmış vəziyyətlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, kənddəki 276 evdən 5-i tamamilə dağılmış, 9-da isə qəzalı vəziyyət yaranmışdır. Sürüşmə nəticəsində kəndin içərisindən keçən çayın qabağı kəsildiyindən süni göl əmələ gəlmişdir. Hazırda kənddə sürüşmənin nəticələrinin qaldırılması, çayın qarşısının açılması üçün tədbirlər görülür. Əraziyə müxtəlif texnika və MR Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilmişdir.
Ali Məclisin sədri Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə kənddə yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişdir. MR baş nazirinin birinci müavini Asəf Məmmədov, fövqəladə hallar naziri Şamı Abdullayev və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat vermişlər. Qeyd olunmuşdur ki, kənd sakinlərinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür. Vaxtında görülmüş lazımi tədbirlər nəticəsində kəndə ciddi ziyan dəyməmişdir. Torpaq sürüşməsi baş verəndən dərhal sonra ərazinin sürüşməyə meyilli zona olduğu nəzərə alınaraq 12 evin sakinləri köçürülmüş, insanların normal yaşayışı üçün hər cür şərait yaradılmışdır.
Ali Məclisin sədri təbii fəlakətin tezliklə aradan qaldırılması, torpaq sürüşməsi nəticəsində mənzillərini itirmiş kənd sakinlərinə diqqət və qayğının artırılması və digər məsələlər barədə tapşırıqlar vermişdir.
Kənd sakinləri Ali Məclisin sədri ilə söhbət zamanı onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.
Vasif Talıbov kənddə baş verən təbii fəlakətin tezliklə aradan qaldırılması, Keçili kəndinin bütün problemlərinin həll edilməsi, burada kompleks quruculuq işlərinin aparılması barədə müvafiq tapşırıqlar vermişdir.
######
![]() |
![]() |

