ŞAHDƏNİZ LAYİHƏSİ ÜZRƏ DÖRDÜNCÜ QİYMƏTLƏNDİRMƏ QUYUSU QAZILIR
SDX-04 qiymətləndirmə quyusunun ümumi dərinliyi 7 min metrdən artıq olacaqdır. Əvvəlki üç axtarış - kəşfiyyat və qiymətləndirmə quyusu yatağın şimal cinahının qiymətləndirilməsi və 1-ci mərhələ üzrə ehtiyatların müəyyənləşdirilməsi məqsədi daşıyırdı. SDX-04 quyusu isə yatağın cənub cinahındakı ehtiyatları müəyyən edəcək, eləcə də daha dərin laylarda qazın olub-olmadığını, kommersiya səmərəliliyini öyrənməyə imkan yaradacaqdır. SDX-04 quyusunun qazılması, təxminən, altı ay çəkəcəkdir. Şahdənizdən ilk qaz əldə olunduqdan sonrakı üç il ərzində təkcə bu quyu Azərbaycana ümumilikdə təxminən 3 milyard kubmetr əlavə təbii qaz verəcəkdir.
Dördüncü öncə qazma quyusu (SDA-04) Şahdəniz yatağında dayaq tavasından 6 min 189 metr dərinliyində qazılmışdır. Quyuda karotaj aparılmış və qoruyucu istismar kəməri buraxıldıqdan sonra quyu müvəqqəti olaraq bağlanmışdır. TPG500 platforması bu il dənizdə quraşdırıldıqdan sonra bu quyuda tamamlanma işləri aparılacaq və qaz hasilat quyusu kimi istismara veriləcəkdir.