Sahib Ələkbərov: Bakı BMX üzrə dünya çempionatını qəbul etməyə hazırdır
Bakı, 30 oktyabr, AZƏRTAC
2018-ci il iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında təşkil olunmuş dünya sınaq yarışından sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
AZƏRTAC müsahibəni təqdim edir.
-Test yarışı dünya çempionatı ərəfəsində çatışmazlıqları görmək üçün keçirilir. Bu gün Bakının dünya çempionatını keçirməyə tam hazır olduğunu söyləyə bilərik?
-Bu gün tam əminliklə deyə bilərik ki, Bakı təşkilatçılıq baxımından dünya çempionatını qəbul etməyə tam hazırdır. Bildiyiniz kimi, çempionat 2018-ci il iyunun 5-dən 9-dək bu məkanda keçiriləcək. Bu test yarışının həm stadion, həm də digər məsələlərin sınaqdan keçirilməsi üçün çox böyük əhəmiyyəti var idi. Məlum olduğu kimi, bizim stadion 2015-ci ildə istifadəyə verilib. Ancaq ötən il Beynəlxalq Velosipedçilər İttifaqı standartları dəyişdi. Stadionun eni və uzunluğu, həm də maneələrin hündürlüyü artırıldı. Bu səbəbdən BMX trekini söküb yenidən tikməli olduq. Bu gün həm velosipedçilərin, həm də mütəxəssislərin rəyi belədir ki, stadion birmənalı şəkildə dünya çempionatını qəbul etməyə hazırdır.
-Hələ ki, bu növdə idmançımız yoxdur. Bu boşluğu “milliləşdirmək”lə aradan qaldıracaqsınız?
-Yox, biz azərbaycanlı idmançıya üstünlük verəcəyik. Yaponiya, Fransa, Almaniya, İtaliya kimi böyük ölkələrin velosipedçiləri test yarışında iştirak etdilər. Xüsusən fransız idmançılar çox güclü idilər. Buna qədər isə Baltikyanı ölkələrdən titullu velosipedçiləri dəvət etmişdik. Onlar stadionu testdən keçirmiş, irad və təkliflərini bildirmişdilər. Düşünürəm ki, dünya çempionatınadək bizim idmançılar da hazır olacaqlar.
-BMX yetərincə baxımlı idman növüdür. Dünya çempionatı vaxtı böyük azarkeş marağı ola bilər. Bunu nəzərə alıb tamaşaçılar üçün tribunaların quraşdırılması nəzərdə tutulub?
-Həqiqətən BMX çox tamaşaçı cəlb edən idman növlərindən biridir. Biz estafeti ABŞ-dan qəbul etmişik. 2019-cu ildə dünya çempionatı yenidən ABŞ-da keçiriləcək. Maraqlısı budur ki, Azərbaycan bu məsul yarışı belə bir ölkə ilə yanaşı keçirir. Bu il dünya çempionatı Cənubi Karolina ştatının Rok Hill şəhərində keçirildi və yarışa 3750 iştirakçı qatılmışdı. Rok Hildə cəmi 30 minə yaxın insan yaşayır. Ancaq oraya 40 mindən çox tamaşaçı gəlmişdi. Biz də azarkeşlərin sayının çox olacağını düşünürük. Ona görə də stadionun hər iki tərəfində 3000-3500 yerlik oturacaqlar quraşdırılacaq. Artıq məsələ həllini tapıb. Texniki və digər məsələləri həll etmişik. Bizdə də bu yarış yüksək səviyyədə keçiriləcək. Bu, əsl idman bayramına çevrilməlidir. Bunun üçün əlimizdən gələni edəcəyik.