SAHİBKARLIĞIN İNKİŞAFINA ŞƏRAİT YARADILMASI ÜZRƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasında hərtərəfli mütərəqqi islahatlar aparılaraq demokratik hüquqi dövlət qurulmuş, dünyanın ən iri şirkətləri tərəfindən iqtisadiyyatımızın müxtəlif sahələrinə külli miqdarda investisiya qoyulmuşdur.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında sahibkarlığın rolu nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu ilin aprel-may aylarında yerli və xarici sahibkarlarla görüşlər keçirilmiş, sahibkarlığın inkişafına dövlət himayəsi ilə əlaqədar müvafiq fərmanlar verilmişdir.
Ölkəmizin Prezidentinin qeyd edilən fərmanlarının icrası üzrə Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər görülmüş, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində süni maneələr və haqlı narazılıqlara səbəb olan nöqsanlara yol verdiklərinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsinin müdiri və müavini, İmişli və Xaçmaz bölgə şöbələrinin müdirləri tutduqları vəzifələrdən azad edilmiş, digər məsul vəzifəli şəxslər barədə ciddi intizam tədbirləri görülmüşdür.
Sahibkarlığın inkişafında daşınmaz əmlakın dövlət reyestrinin müstəsna əhəmiyyəti nəzərə alınaraq, ölkəmizin Prezidentinin qeyd edilən Fərmanına əsasən bu işin təşkili üzrə Ədliyyə Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılmış, beynəlxalq təcrübənin ətraflı öyrənilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Avropa Şurası ilə əldə olunmuş razılığa əsasən daşınmaz əmlakın dövlət reyestri məsələləri ilə əlaqədar Ədliyyə Nazirliyində beynəlxalq seminar keçirilmişdir.
Dünən öz işini başa çatdıran seminarda Avropa Şurasının nüfuzlu ekspertləri, Prezident Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin, Milli Bankın və digər təşkilatların məsul nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan ədliyyə naziri Fikrət Məmmədov sahibkarlıq fəaliyyətinin inkişafına xüsusi əhəmiyyət verən möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə bu sahədə görülmüş işləri qeyd etmiş, hazırda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun layihəsinin Milli Məclisdə baxılmasını bildirərək, Avropa Şurası ilə birgə keçirilən bu tədbirin əhəmiyyətini vurğulamışdır.
Seminarda daşınmaz əmlakın dövlət reyestri üzrə Avropa Şurasının üzv olan dövlətlərin təcrübəsinin müqayisəli təhlili barədə beynəlxalq ekspertlərin və bu sahədə Azərbaycanda mövcud olan və hazırlanan qanunlar barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin çıxışları dinlənilmişdir.
Aparılmış ətraflı müzakirələr zamanı Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri problemləri və böyük maliyyə vəsaiti tələb edən bu işin təşkili üzrə ölkəmiz üçün ən əlverişli qaydaların müəyyən edilməsi məsələləri ətraflı araşdırılmışdır.
Tədbirin yüksək səviyyədə təşkilindən və aparılmış faydalı fikir mübadiləsindən razı qaldıqlarını bildirən qonaqlar daşınmaz əmlakın dövlət reyestrinin təşkilinə həsr edilmiş bu seminarın gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaratdığını vurğulamışlar.