Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahil Babayev: Dövlət maliyyəsinin idarə olunmasında innovativ mexanizmlər tətbiq edilir

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik.

-Sahil müəllim, ilin 4 ayı artıq arхada qalıb və ilkin nəticələr var. İqtisadi dayanıqlılıq kontekstində əldə olunmuş nəticələri necə xarakterizə edərdiniz?

- Xoş gördük, mən də hər kəsi salamlayıram. Azərbaycanda bu gün həyata keçirilən sosial-iqtisadi siyasətə, makroiqtisadi sabitliyin qorunması ilə bağlı görülmüş işlərə nəzər saldıqda, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən bu işlərin, bu tədbirlərin nə dərəcədə böyük uğurlu nəticələrə malik olduğunu görürük.

Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi, dayanıqlılığı tam qorunur. Azərbaycan iqtisadiyyatının inkişafı üçün ölkənin maliyyə sistemi geniş imkanlar yaradır. Dörd ayın nəticələrinə baxdıqda görürük ki, bizim ümumi daxili məhsulumuz təqribən 40 milyard manata bərabər olub.

Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu real rəqəmlərlə götürdükdə 0,7 faiz artıb. Eyni zamanda, bir sıra istiqamətlərdə çox ciddi nəticələr əldə etmişik. Xüsusilə qeyri-neft sənayesinə diqqət yetirdikdə burada real rəqəmlərlə 7,2 faizlik artım görürük. İnformasiya, rabitə sahəsində 9, ticarətdə 3,7, nəqliyyatda 4,5 faizlik artım vardır. Əlbəttə, bütün bunlar ümumilikdə iqtisadi artım üçün həyata keçirilən işlərin bariz nəticələridir. Bu rəqəmlərin ilin növbəti aylarında daha geniş vüsət alacağını gözləyirik. Çünki maliyyə ilinin başlanğıcında əsasən sosial və cari ödənişlərlə bağlı işlər həyata keçirilir. Əsaslı xərclər, kapital xərclər, satınalma xərcləri ilə bağlı isə prosedur addımlar atılır. Müvafiq tenderlər, satınalma prosedurları keçirilir və onların da iqtisadi artıma fəal şəkildə töhfəsi ilin ikinci yarısından etibarən özünü göstərməyə başlayacaq.

Makroiqtisadi və makrofiskal çərçivə baxımından, strateji valyuta ehtiyatlarımızı xüsusi qeyd etməliyik. Cari il mayın 1-ə artıq Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard ABŞ dollarına çatıb. Bu, bizim ümumi daxili məhsulumuzun (ÜDM) 111 faizi deməkdir. Yəni dünyada çox nadir ölkə ola bilər ki, onun strateji valyuta ehtiyatları ÜDM-dən artıq olsun. Azərbaycan bu sahədə də öz dayanıqlılığını, öz sabitliyini tam şəkildə təmin edib.

Əsas kapitala investisiyalarımız, qeyri-neft ixracı üzrə nominal rəqəmlərimiz artıb. Yəni bütün parametrlər üzrə müsbət irəliləyişlər göz önündədir və düşünürəm ki, qarşıya qoyulmuş hədəfləri icra etdikcə, biz daha yaxşı nəticələri də birmənalı olaraq görəcəyik. Paralel olaraq, xarici dövlət borcumuz azalıb. 12 aylıq inflyasiya göstəricimiz bizim hədəflədiyimiz 5,5 faiz səviyyəsində olub.

Eyni zamanda, əhalinin nominal gəlirləri 8,8 faiz, orta aylıq əməkhaqqı 7 faizdən çox artıb və bu o deməkdir ki, sosial rifah göstəriciləri də təmin olunub. İnflyasiyanın artımının 5,5 faiz olduğu bir dönəmdə əhalinin gəlirləri 8,8 faiz artımla inflyasiyanı üstələyir və onların real gəlirlərinin də artımı təmin olunub. Yəni makro çərçivədə bütün parametrlərimiz müsbət dinamikadadır və düşünürük ki, ölkə iqtisadiyyatının inkişafı, sosial həyatın daha da yaxşılaşması, əhalinin rifahı üçün bütün şərait təmin olunub.

- Yəni ən əsası odur ki, makroiqtisadi sabitlik qorunub saxlanılır və onun da dinamik imkanları hələ gələcəkdə görünəcək.

- Birmənalı olaraq.

- Siz bir sıra rəqəmlər səsləndirdiniz, çox uğurlu rəqəmlərdir. Təbii ki, bu rəqəmlərin əldə olunmasında dövlət büdcəsinin səmərəli icrası böyük rol oynayır. Elə bununla əlaqədar bir sual vermək istərdik: cari ilin yanvar-aprel ayları ərzində icmal və dövlət büdcələrinin icrasını necə dəyərləndirərdiniz?

- Büdcə proqnozlarının icrası uğurla davam edir. Mən xüsusi olaraq vurğulayım ki, gəlirlərimiz cari ilin 4 ayı ərzində 13,6 milyard manat təşkil edib ki, bu, ötən ilin müfaviq dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır. Həm Dövlət Vergi Xidməti, həm Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoza qarşı üstələmələr var. Bu da çox müsbət bir tendensiyadır.

Eyni zamanda, düşünürəm ki, ən böyük nailiyyətlərimizdən biri də Dövlət Neft Fondunun transfertində ötən ilin ilk 4 ayına münasibətdə cari ildə təqribən 300 milyon manatlıq azalmaya nail olmağımızdır. Düşünürəm ki, biz müzakirəmizin növbəti mərhələlərində buna daha geniş toxunacağıq. Amma bu gün bizim qarşımıza qoyulmuş prioritet hədəflərdən biri, büdcə siyasətinin əsas parametrlərindən biri neftdən asılılığın azaldılmasıdır. Bu çərçivədə dövlət büdcəsinin gəlirlərində Neft Fondunun transfertlərinin azaldılması ana siyasət xətti olaraq müəyyən edilib. Artıq cari ilin ilk 4 ayında biz buna nail olmuşuq. Bu ilin dörd ayı ilə keçən ilin dörd ayını müqayisə etdikdə, Neft Fondundan transfertlərin məbləği təqribən 300 milyon manat azalıb.

Xərclər məsələsinə gəldikdə, ilk dörd ayda bu istiqamətdə 10,5 milyard manat vəsait sərf olunub. Dövlət xəzinədarlığı orqanları vasitəsilə dövlət qurumlarımızın bütün sifarişləri operativ, şəffaf şəkildə, 90 faizdən çox hallarda bir iş günü ərzində icra olunub. Xərclərin ümumi icra dinamikasına baxdıqda təqribən ötən ilin oxşar rəqəmlərini görürük – ilin ilk 4 ayı üzrə büdcə proqnozu 96,3 faiz icra olunub. Ötən il də bu şəkildə olmuşdu və düşünürük ki, bu dinamikanı da növbəti dövrlərdə qoruyub saxlayacağıq.

Qeyd edim ki, bu xərclərin böyük hissəsi, - ilk sualın cavabında da dediyim kimi, - cari xərclərə yönəlib. Təqribən 8 milyard manatlıq hissə cari xərclər, 2 milyardlıq hissə isə əsaslı xərclər seqmentidir. Növbəti dövrdə əsaslı xərclər seqmenti daha da artmaqda davam edəcək. Biz təqribən 600 milyon manatlıq dövlət borcuna xidmətlə bağlı xərcləri icra etmişik. Azərbaycanın xüsusilə xarici dövlət borcunun azaldılması istiqamətində addımlar atılıb, borclar üzrə ödənişlər vaxtlı-vaxtında yerinə yetirilib. Bunlar dövlət büdcəsinin əsas parametrləridir.

Eyni zamanda, bildiyiniz kimi, biz hər il icmal büdcəmizi də tərtib edirik və icra edirik. İcmal büdcə ilə dövlət büdcəsinin fərqi ondan ibarətdir ki, icmal büdcəyə dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu, İcbari Tibbi Sığorta Fondu kimi digər fondlarımız da daxildir.

İcmal büdcənin rəqəmlərinə nəzər saldıqda gəlirlərimizin təqribən 16 milyard manat, xərclərimizin isə 12 milyard manat olduğunu görürük. Burada çox ciddi profisitimiz var və bu profisit əsasən Dövlət Neft Fondunun gəlirlərində əks olunan profisitdir. Çünki Dövlət Neft Fondunun büdcəsi də icmal büdcənin tərkib hissəsidir. Bütün bu istiqamətlər üzərindən baxdıqda, həm gəlirlər, həm xərclər kifayət qədər uğurla icra olunub. Bunun özü bir daha makrofiskal sabitliyimizin, dayanıqlılığımızın göstəricisidir. Bu gün büdcənin icrası ilə bağlı hər hansı bir çətinliyimiz, hər hansı bir sualımız meydana çıxmır.

- Cənab nazir, məlumdur ki, qeyri-neft sektorunun inkişafı strateji prioritet olaraq qalır və hər il biz artımı müşahidə edirik. Bu ilin 4 ayında daxilolmalarda hansı dinamika müşahidə edilib?

- Ümumiyyətlə, büdcə siyasətinin əsas istiqamətlərindən biri məhz qeyri-neft gəlirlərinin artırılması idi. Biz 2026-cı il və növbəti üç il üçün çərçivəni hazırlayıb Milli Məclisə təqdim edən zaman qarşımıza qoyduğumuz əsas hədəflərdən biri o idi ki, hər il Azərbaycanın dövlət büdcəsində qeyri-neft gəlirləri artmalıdır, neft gəlirləri azalmalıdır və büdcə xərclərinin artan tələbatı məhz qeyri-neft gəlirlərimiz hesabına təmin olunmalıdır. Çünki bu, bizim dayanıqlılığımızdır, bu, bizim gələcək inkişafımızdır, neft resurslarının, Neft Fondu resurslarının gələcək nəsillər üçün qorunub saxlanmasıdır. Bu prizmadan yanaşdıqda, ilk 4 ayın nəticələri də kifayət qədər uğurludur. Cari ildə bizim qeyri-neft gəlirlərimiz proqnoza nisbətən təqribən 77 milyon manat artıq icra olunub. Əvvəlki ilə - 2025-ci ilə nisbətən isə bu, 5 faiz – 372 milyon manat çoxdur. Artıq cəmi 4 ayda bu dinamikanı görürük ki, bizim qeyri-neft gəlirlərimiz ciddi artımla davam edir. Paralel olaraq, dövlət büdcəsində qeyri-neft gəlirlərinin payı da artıb. Əgər ötən ilin ilk 4 ayında dövlət büdcəsinin gəlirlərində qeyri-neft gəlirləri təqribən 53 faiz idisə, artıq cari ilin ilk 4 ayında biz 57,4 faizə çatmışıq və düşünürəm ki, bu tendensiya davam etdikcə Azərbaycanın büdcə gəlirlərinin içində qeyri-neft sektorunun payı getdikcə daha ciddi şəkildə artacaq.

Bu sahədə - qeyri-neft gəlirləri ilə bağlı ikinci əsas istiqamət isə icmal büdcənin qeyri-neft baza kəsiri indikatorudur. Bilirsiniz, dünyanın bütün ölkələrində dövlət büdcələri kəsirlə tərtib olunur. Azərbaycanın da dövlət büdcəsinə, habelə icmal büdcəsinə biz nəzər saldıqda, bütün beynəlxalq parametrlərə tam uyğun olaraq dövlət büdcəmiz 2,3 faizlik kəsirlə tərtib edilmişdir. Bu, həm beynəlxalq parametrlərə uyğundur, həm də Azərbaycanın makro səviyyədə dayanıqlılığının ən gözəl göstəricilərindən biridir.

Amma paralel olaraq biz neft, qaz qiymətlərinin volatilliyini və digər amilləri nəzərə alaraq özümüz üçün ikinci indikator müəyyən etmişik. Bu indikator dövlət büdcəsindən kənar, yəni məhz icmal büdcənin – dövlət sosial müdafiəsi, işsizlikdən sığorta, icbari tibbi sığorta xərcləri, Naxçıvan büdcəsi də daxil olmaqla vahid icmal büdcəmizin xərclərində və gəlirlərində neft amilini tam kənara qoyaraq, qeyri-neft baza kəsirimizi müəyyən edirik. Bu göstərici üzərindən də biz büdcəmizin sağlamlaşmasını tam şəkildə təmin etməyə çalışırıq.

Gözəl nəticə ondan ibarətdir ki, cari ilin 4 ayında bizim icmal büdcənin qeyri-neft baza kəsiri də əvvəlki illə müqayisədə təqribən 2 faiz azalıb. Əgər keçən ilin 4 ayında icmal büdcənin qeyri-neft baza kəsiri 19 faizin üzərində idisə, artıq bu rəqəm cari ildə 17,6 faizə düşüb. Bunun özü də aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir. Çünki biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, artıq neftin və ya qazın beynəlxalq bazarlarda qiymətindən asılılığımızı azaldırıq. Biz artıq öz gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlılığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik.

- Siz neft və qazın qiymətlərinə toxundunuz. Bu məqamda bir məsələni qeyd etmək istərdim. Bildiyimiz kimi, bu ilin əvvəlindən qlobal iqtisadiyyatda baş verən qeyri-müəyyənliklər, siyasi gərginliklər, eyni zamanda, Yaxın Şərqdə münaqişə nəticəsində enerji daşıyıcılarının qiymətləri kəskin şəkildə artıb. Həmçinin bu, maliyyə bazarlarında da dalğalanmalara səbəb olub. Bu proseslər ölkəmizə nə vəd edir?

- Əlbəttə, burada təsirləri birmənalı qiymətləndirmək olmaz. Burada həm bu çağırışların, həm də bu yeni geosiyasi hadisələrin bizə müsbət və mənfi tərəflərini tam şəkildə düzgün qiymətləndirməliyik. Birinci çox açıq görünən təsir, - əlbəttə, müsbət təsir olaraq,- neftin və qazın qiymətinin qalxmasıdır. Bilirsiniz, Azərbaycanın dövlət büdcəsində “Azeri Light” markalı neftin orta çəkili qiyməti 65 dollar olaraq müəyyən edilmişdi. Biz ilk 4 ayda “Azeri Light”ın satışının orta qiymətinə baxsaq, təqribən 91,5 dollar olduğunu görərik. Birmənalı olaraq bu, bizim Neft Fondunun gəlirlərinə çox müsbət təsir göstərir və bunun Fondun ehtiyatlarının artmasına birbaşa təsiri var. Eynilə qazın qiymətlərinə baxsaq, yenə də dövlət büdcəsində nəzərdə tutulmuş rəqəmlərə nisbətən daha yüksək satış qiymətləri var. Bu da dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərir. Yəni bir tərəfdən bizim gəlirlərimiz artır və bu rəqəmlərin müsbət təsirləri, əlbəttə, imkan verəcək ki, biz dövlət büdcəsinin gəlirlərini daha optimal idarə edək. Çünki yenə də qayıdıram dövlət büdcəsinin əsas parametrlərinə. İstənilən dövlət büdcəsi kəsirlə tərtib olunur, o kəsirin maliyyələşdirilməsi üçün də həmin il üzrə borclanma nəzərdə tutulur ki, həmin kəsir borclanma vasitəsilə təmin olunsun. Bizim əlavə gəlirlərimiz imkan verəcək ki, cari il ərzində əlavə borclanmanı minimallaşdıraq. O gəlirlər məhz həmin kəsirin örtülməsində istifadə olunsun. Ona görə də bu, bizim müsbət seqmentimizdir. Paralel olaraq, neft gəlirlərinin böyük hissəsi də məhz Neft Fondunun ehtiyatlarının artımına gedəcək.

Amma bu, təkcə müsbət səmərəliliklə məhdudlaşmır. Bu, eyni zamanda, zəncirvari şəkildə bizim üçün müxtəlif yeni çağırışlar da yaradacaq. Geosiyasi gərginliklər, dəyər və logistika zəncirlərinin qırılması, əlbəttə, dünyada inflyasiya trendlərinə gətirib çıxaracaq və birmənalı olaraq bu, bizə idxal inflyasiyası kimi təsir edəcək. Azərbaycan qlobal bazarlardan kənar dövlət deyil. Azərbaycan qlobal dəyər zəncirinə tam inteqrasiya olunmuş ölkədir. Əgər dünya üzrə bu logistik zəncirlər qırılarsa, qiymət artımları baş verərsə, bu, bəlli bir mərhələdən sonra ölkəmizə idxal inflyasiyası şəklində təsir edəcək, yəni idxal olunan malların qiyməti qalxacaq və bu, inflyasiyanın artmasına təsir göstərəcək.

Digər tərəfdən, dediyim kimi, biz maliyyə bazarlarının fəal iştirakçısıyıq və dövlət büdcəsinin gəlir-хərc seqmentinin tənzimlənməsi üçün həm cari sərbəst vəsaitlərimizi investisiya edirik, həm də kəsirin bağlanması üçün borclanmalarımızı və ya mövcud borcların təkrar maliyyələşməsini həyata keçiririk. Bu tipli geosiyasi çağırışlar birmənalı olaraq maliyyə bazarlarına təsir edir, faiz xərclərini artırır və beləliklə, bizim üçün müəyyən çağırışlar yaranır.

Üçüncü bir istiqamət olaraq düşünürəm ki, real sektora böyük təsiri qeyri-neft ixracı ilə bağlı hiss edəcəyik. Çünki xüsusilə bugünkü geosiyasi hadisələr Körfəz ölkələrində və ya Rusiya-Ukrayna istiqamətində baş verir. Həm Körfəz ölkələri, həm MDB məkanı bizim qeyri-neft ixracımızda önəmli rol oynayır. Logistik zəncirlərdə problemlərin yaranması, əlbəttə ki, qeyri-neft sektorunda ixracımıza mənfi təsir göstərəcək. Qeyri-neft sektorunda logistik xərcləri artıracaq, bəzi hallarda isə təhlükəsizlik nöqteyi-nəzərindən həmin bazarlara bizim çıxışımızı məhdudlaşdıracaq.

Ona görə bu aspekt də dəyərləndirilməlidir. Düşünürəm ki, növbəti dövrlərdə biz mütəmadi olaraq makro səviyyədə bu qiymətləndirmələri hökumətə təqdim edəcəyik. Birlikdə bu çağırışların minimallaşdırılması, sahibkarlarımıza müvafiq dəstəyin göstərilməsi və növbəti dövrdə adekvat addımlar atmağımız üçün də öz planlarımızı, tədbirlərimizi müəyyən edəcəyik.

- Xarici və daxili borclanma siyasətində çox böyük dəyişikliklər baş verir. Nəzərə alsaq ki, həm də daxili bazarlara dəstək tədbirləri həyata keçirilir, burada bütün bu proseslərin hamısının maliyyə dayanıqlılığına təsirləri necə xarakterizə edilə bilər?

- İlk suala cavabda qeyd etdiyim kimi, Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir. Bizim ümumi dövlət borcumuz ümumi daxili məhsulumuzun ilin sonuna 20 faizi ətrafında olacaq. Bugünkü rəqəmimiz daha aşağıdır, ilin sonuna yaxın biz bəzi müəyyən borclanmalar edəcəyik ki, büdcə xərclərini tam şəkildə təmin edək. Bu nöqteyi-nəzərdən dünyada ÜDM-in 20 faizinə qədər borca malik olan ölkə sayı çox azdır. Əksər ölkələrdə bunlar ÜDM-in 100 faizinə çatır. Bu borcun daxilində ən önəmli rəqəmlərdən biri isə xarici borcumuzun ÜDM-in ümumilikdə təqribən 6,3 faizi olmasıdır. Bu, ən yaxşı göstəricilərdən biridir və əgər biz ötən illə müqayisə etsək, cari ilin mayın 1-ə bizim xarici borcumuz əlavə 8 faizədək azalıb. Bu parametr nöqteyi-nəzərindən bu gün Azərbaycanın sabit göstəriciləri birmənalı olaraq nümunəvidir. Amma biz bu göstəriciləri növbəti dövrdə də qoruyub saxlaya bilmərik. Ona görə də bizim 2030-cu ilə qədər yeni strategiyamız hazırlanıb. Bu strategiya çərçivəsində 2030-cu ilə qədər Azərbaycanın ümumi borcunu 30 faiz civarında saxlanılmasının tərəfdarıyıq. Düşünürük ki, əsas hədəfimiz bu olmalıdır. Borcumuz ÜDM-in 30 faizinə qədər olmalıdır və bu, Azərbaycanın maliyyə dayanıqlılığının ən gözəl təminatlarından biri olacaq.

Bundan əlavə, bu 30 faizin daxilində də xarici borcumuzu qiymətləndiririk ki, bunun cəmi 40 faizi olmalıdır. Yəni xarici bazarların volatilliyindən asılılığımızı tənzimləmək üçün biz düşünürük ki, xarici borclanma limitimiz daha konservativ olmalıdır və ümumi ÜDM-in 30 faizinin daxilində ümumi borcumuzun maksimum 40 faizi bizim xarici borcumuz olmalıdır. Düşünürük ki, bunlar çox təhlükəsiz lövbərlərdir və bu lövbərlərin qorunması, əlbəttə ki, Azərbaycanın maliyyə dayanıqlılığı baxımından çox önəmlidir.

Digər tərəfdən biz dəyişkən faizli borcların sabit faizli borclara nisbətini də daim nəzarətdə saxlayırıq və çalışırıq ki, borc portfelimizdə dəyişkən faizli borcların payı çox böyük olmasın, risklərimizi hər zaman düzgün qiymətləndirə bilək. Bundan başqa, dövlət istiqrazları ilə borclanma zamanı onların orta ödəmə müddətini artırmağa çalışırıq. Əgər bizim dövlət istiqrazları ilə borclanmamızda əvvəlki dövrlərdə daha çox bir, iki, üç illik istiqrazlar idisə, artıq biz beş, yeddi, on illik istiqrazları da bazara təqdim etdik və beləliklə, dövlət istiqrazlarının orta ödəmə müddətini üç dəfəyə yaxın artıra bildik. Bu da bizim üçün önəmlidir. Çünki bu da borcun idarə edilməsində təhlükəsizlik lövbərlərindən biridir.

Eyni zamanda, dövlət büdcəsi, dövlət xəzinəsi çox dinamik bir mexanizmdir. İlin bəlli dövrlərində dövlət xəzinəsində bizim sərbəst vəsaitlərimiz əmələ gəlir. Xərclərin artdığı bəlli bir dönəmdə isə əlbəttə ki, bu sərbəst vəsaitlər xərclərə yönəldilir. Ona görə də bu dinamik hadisəyə uyğun gələn analoji bir mexanizm də yaradıldı və Nazirlər Kabinetinin qərarı ilə biz xəzinənin sərbəst vəsaitinin depozit hərracları vasitəsilə bazarlara yerləşdirilməsinə başladıq. Bu proses keçən ildən başladı. Cari ildə onun bazasını daha da genişləndirdik. Depozitlərdə iştirak edə biləcək bankların, maliyyə qurumlarının sayını da artırdıq. Bu, bizə imkan verir ki, bir tərəfdən xəzinənin qalığını yerləşdirərək ondan vəsait əldə edək, digər tərəfdən isə ölkəmizin maliyyə bazarlarına töhfə verək, onlar üçün əlavə maliyyə mənbəyi yaradaq. Əlbəttə ki, banklarımız da bu maliyyə mənbəyindən istifadə edərək maliyyə alətlərinin əhalimiz üçün daha da əlçatanlığını artıra bilsinlər.

Həmçinin xəzinənin valyuta qalığını isə biz Mərkəzi Bank və Neft Fondu vasitəsilə qısa və orta müddətli investisiya edərək, onların da gəlirliliyini təmin etməyə çalışırıq. Bu mexanizmlər çərçivəsində təkcə keçən il 120 milyon manata yaxın xəzinəyə əlavə gəlir əldə etmişik. Cari ildə bu rəqəmin daha da artıq olacağını düşünürük. Bu mexanizm bizə imkan verəcək ki, həm sabit gəlirliliyimizi təmin edək, həm də ölkəmizin maliyyə bazarlarına öz dəstəyimizi verək. Paralel olaraq, həm mövcud borclarımızın təkrar maliyyələşdirilməsi, həm də yeni borclanmalarımız üçün dövlət istiqrazları mexanizmindən istifadə edərək, eyni zamanda, maliyyə bazarımızdan bu alışları həyata keçiririk. Burada həm gəlirlilik əyrisinin formalaşmasına, həm maliyyə bazarlarının aktivləşməsinə, həm də ölkəmizdə istiqraz bazarının daha da genişlənməsinə dəstək veririk.

Paralel olaraq, biz borclanma baxımından təkcə dövlət borcu üzərindən yox, eyni zamanda, dövlət müəssisələrimizin dövlət zəmanətli borclarının müvafiq tənzimlənməsini təkmilləşdirməyə və dövlət zəmanəti olmadan dövlət müəssisələrinin götürdüyü borcların tənzimlənməsinə çalışırıq. Çünki yekunda dövlət müəssisələri dövlət zəmanəti olmadan belə borclanmaya getdikdə bu, gələcəkdə bizim üçün müəyyən çağırışlar yarada bilər. Ona görə burada da beynəlxalq təcrübədən çıxış edərək dövlət müəssisələrimizin ümumi borclanma portfelinin də ən yaxşı beynəlxalq normativlərə uyğun tənzimlənməsi üçün mexanizmləri hazırlayırıq. Düşünürəm, bütün bu kompleks hədəflər bizə imkan verəcək ki, həm dövlət borcumuzun, həm dövlət zəmanətli borcumuzun, həm də dövlət zəmanəti olmayan dövlət müəssisələrinin borc seqmentinin təhlükəsizliyini təmin edək. Eyni zamanda, Azərbaycanın gələcək maliyyə, makrofiskal və makroiqtisadi dayanıqlılığı üçün hər hansı bir təhlükə yaratmamasını təmin edək.

- Sahil müəllim, yəni siz sırf innovativ mexanizmlərdən istifadə edirsiniz. Bunlar sırf Azərbaycan mütəxəssislərinin, sizin rəhbərliyinizlə gedən islahatların nəticəsi kimi qiymətləndirilə bilərmi?

- Xüsusi olaraq vurğulayım ki, ümumiyyətlə, bu təşəbbüslərin böyük əksəriyyəti cənab Prezidentin tapşırıqlarıdır. Çünki cənab Prezident maliyyə sahəsində həyata keçirilən siyasətin əsas prinsiplərini müəyyən edərkən dayanıqlılığı, təhlükəsizliyi, makroiqtisadi və makrofiskal çərçivənin düzgün müəyyənləşdirilməsini, borc dayanıqlılığını xüsusi prinsiplər olaraq müəyyən etmişdir. Bu prinsiplərdən irəli gələrək biz müxtəlif beynəlxalq təcrübələri, beynəlxalq maliyyə qurumlarının tövsiyələrini araşdırdıq və onların çərçivəsində yeni mexanizmlərin tətbiqinə başladıq. Düşünürəm ki, mərhələlərlə təqdim olunan bu mexanizmlərin nəticələri artıq görünür və qarşıdakı dönəmdə bu nəticələr daha da artacaq.

-Cənab nazir, görülən işlərdən danışdıq, bir qədər də istərdik qarşıdakı proqnozlardan danışaq. Yəni məlum olduğu kimi aprel ayında İqtisadi Şuranın iclası keçirildi. İclasda 2027-ci il və növbəti üç il üzrə makroiqtisadi və sosial inkişaf konsepsiyası, həmçinin büdcə proqnozları müzakirə edildi. Qeyd edilən dövr üzrə büdcə siyasəti nədən ibarət olacaq?

- Aprel ayında artıq 2027-ci ilin və növbəti üç ilin əsas büdcə parametrləri İqtisadi Şura tərəfindən bəyənilərək Maliyyə Nazirliyinə tapşırıq verildi. Biz iyul ayında bu parametrlərin bir daha təkrar işlənmiş versiyasını, sentyabr ayında isə 2027-ci il üzrə tam büdcə, növbəti üç il üzrə isə əsas parametrləri artıq hökumətin tam təsdiqinə təqdim edəcəyik.

Növbəti dövr üzrə Azərbaycanın büdcə siyasətinin əsas parametrlərini müxtəlif istiqamətlərə görə bölə bilərik. Gəlirlər bölməsində, əlbəttə ki, bizim əsas istiqamətimiz biznes mühitinin dəstəklənməsi, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların təşviqi və bu kimi alətlər vasitəsilə xüsusilə qeyri-neft gəlirlərimizin artırılmasına yönəlmiş siyasət olacaq.

Fiskal siyasət dedikdə, bu, təkcə xərc siyasəti deyil, fiskal siyasət həm də gəlir siyasətidir. Biz büdcə vasitəsilə sahibkarlığı dəstəkləyərək, investisiyaları təşviq edərək, biznes mühitinin inkişafına müvafiq şərait yaradaraq gələcək bazamızı formalaşdırırıq. Çünki sahibkarlıq inkişaf etdikcə, ölkəyə investisiyalar gəldikcə bu, gələcək dövrdə daha çox vergi, daha çox gömrük, daha çox rüsum və digər dövlət gəlirləri deməkdir.

Xərc siyasəti parametrində isə əlbəttə ki, bizim birinci siyasətimiz strateji sənədlərimiz, uzunmüddətli fiskal dayanıqlılığımız, dövlət və icmal büdcələrinin xərc səviyyəsinin və xərc parametrlərinin beynəlxalq parametrlərə uyğunlaşdırılması və bu kimi hədəflər olacaq. Nəticə əsaslı büdcə mexanizminə mərhələlərlə keçid olacaq. Bilirsiniz, artıq biz bir çox sektorlarımızı nəticə əsaslı büdcə mexanizminə keçiririk və düşünürəm ki, 2030-cu ilə qədər biz bunu da tamamlayacağıq. Bütün büdcəmiz artıq proqram əsaslı, nəticə əsaslı büdcə mexanizmi çərçivəsində təmin oluna biləcək.

Həmçinin bizim əsas prioritetlərimiz var. Bu prioritetlərimiz də daim xərc siyasətimizdə qorunacaq. Birincisi, ölkəmizin müdafiə qabiliyyəti, ölkəmizin təhlükəsizliyinin təmin olunması – onun bütün xərc təminatı hər zaman dövlət büdcəsində qorunacaq. “Böyük Qayıdış” Proqramı - vətəndaşlarımızın azad olunmuş ərazilərimizə layiqli şəkildə qayıtmasının təmin edilməsi. Ona görə də “Böyük Qayıdış” Proqramının təminatı hər zaman büdcəmizdə olacaq. Sosial rifah tədbirləri – dövlətimizin başçısının rəhbərliyi, təşəbbüsü ilə daim həyata keçirilən sosial islahatların maliyyə təminatı büdcəmizdə olacaq. İnvestisiya, dövlət investisiya portfeli... Yəni bizim bu kimi əsas prioritetlərimiz həm 2027-ci il, həm də ondan sonrakı dövrdə tərtib olunan büdcə parametrlərimizə daxil edilir.

Paralel olaraq, bu dövr üçün biz ciddi şəkildə üzərində işləyəcəyik ki, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığını mərhələlərlə azalda bilək. Biz artıq 2026-cı ilin nəticələrinə toxunduq, mən növbəti dövr üzrə rəqəmləri demək istəyirəm. Dövlət büdcəsində neftin payı əgər keçən il 48 faiz idisə, proqnozlaşdırırıq ki, cari ildə bu pay icrada 42-43 faizə enəcək. Proqnozda 42,6 faizdir, düşünürük ki, icrada 42-43 faiz aralığında olacaq. 2030-cu ildə bu rəqəmin cəmi 30 faiz olmasını planlaşdırırıq. Bu, dövlət büdcəsində çox ciddi dəyişiklikdir. Cəmi 5 illik dönəmdə 48 faizdən 30 faizə qədər enir və artıq dövlət büdcəsinin 70 faizi qeyri-neft gəlirləri hesabına təmin olunacaq.

İcmal büdcəyə baxdıqda da oxşar mənzərəni görürük. Əgər keçən il bu rəqəm 44,8 faiz idisə, yəni təqribən 45 faiz idisə, planlaşdırırıq ki, bu il bu rəqəm 37-38 faizə düşəcək. 2030-cu ilə isə bu rəqəm 30-31 faiz aralığında olacaq. İcmal büdcə rəqəmlərində də biz neftin payının bu qədər ciddi şəkildə azaldılmasına nail olacağıqsa, bu, artıq o deməkdir ki, nəinki dövlət büdcəsi xərclərini, eyni zamanda, sosial xərcləri, tibbi xərcləri, işsizlikdən sığorta xərclərini və bu kimi digər fondların xərclərini də biz əsasən qeyri-neft sektoru hesabına təmin edəcəyik.

Bir qədər əvvəl geniş danışdığımız qeyri-neft baza kəsiri məsələsi. Dediyim kimi, cari ildə də təqribən 16-17 faizlik rəqəm aralığı gözləyirik. 2030-cu ilə biz bu rəqəmi 11 faizə qədər azaltmağı planlaşdırırıq. Faktiki olaraq Azərbaycanın icmal büdcə üzrə qeyri-neft baza kəsiri cəmi 10-11 faizə düşəcək. Bu da bizim dayanıqlılığımız, növbəti dövrdə neftin və ya qazın volatil qiymətindən asılı olmamağımız üçün çox önəmli bir hədəfdir, çox önəmli bir lövbərdir.

Digər istiqamət cari xərclərimizin təmin olunması səviyyəsidir. Bildiyimiz kimi, dövlət büdcəsi cari xərclərdən, əsaslı xərclərdən və borca xidmət xərclərindən ibarətdir. Çox önəmli amil ondan ibarətdir ki, cari xərclər əsasən qorunan xərclərdir. Bunlar əməkhaqqı xərcləridir, sosial ödənişlərdir və sair. Bu xərclər hər zaman müdafiə olunmalıdır. Bu gün bizim cari xərclərimizin 92 faizi qeyri-neft gəlirləri hesabına qarşılanır. 2030-cu ilə planımız ondan ibarətdir ki, bu rəqəm 102 faiz olsun. Yəni istənilən böhran halında cari xərcləri bizim qeyri-neft gəlirlərimiz tam şəkildə bağlayacaq və bu da bizim dayanıqlılığımızın ana istiqamətlərindən biri olacaq.

Bu siyasətin davamı olaraq Dövlət Neft Fondunun transfertinin azaldılması siyasəti aparılır. Keçən il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 8,5 milyard dollar idi. Cari ildə də bu rəqəm 7,5 milyard dollardır. 2030-cu ilə biz bu rəqəmi 5,5 milyard dollara çatdırmağa çalışırıq. Beləliklə, biz transfertin məbləğini də ciddi şəkildə azaldırıq və bu, qarşımızda ikinci imkan açır. 2030-cu ilə bizim proqnozlaşdırdığımız Neft Fondunun ehtiyatları və onun idarə olunmasından gələn gəlir transferti böyük ölçüdə bağlayacaq. Yəni biz artıq neft, qaz qiymətlərindən asılı olmayacağıq. Çünki cari ilin, 2030-cu ilin, 2031-ci ilin, 2032-ci ilin neft qiymətlərinin neçə olmasından asılı olmayaraq, Neft Fondunda toplanmış resurs, onun idarədilməsindən gələn gəlir imkan verəcək ki, transferti böyük ölçüdə bağlayaq. Beləliklə, biz faktiki olaraq artıq mövcud ehtiyatımızın idarə edilməsi gəlirləri ilə öz ehtiyaclarımızı tam qapadacağıq. Bu, həm də de-fakto dividend siyasəti deməkdir. Çünki artıq Neft Fondu öz ehtiyatlarını investisiya edərək qazandığı pulu dividend olaraq dövlətə, dövlət büdcəsinə ödəyir və biz artıq karbohidrogenlərin satış qiymətindən asılılığımızı tam şəkildə ləğv edə biləcəyik.

Yəni siyasətin əsas istiqamətləri, əsas lövbərləri ona yönəlib ki, biz 2030-cu ilə qədər addım-addım dayanıqlığımızı, fiskal çərçivəmizi gücləndirək, fiskal siyasətimizi daha sağlam təməllər üzərində qura bilək və dünya bazarlarının volatilliyindən azad olaq. Amma biz heç zaman öz xərclərimizi də azaltmırıq. İllər üzrə proqnozların hər birində dövlət büdcəsinin xərcləri artmaqda davam edəcək. Ölkəmizin qarşısında duran təhlükəsizlik, iqtisadi inkişaf, sosial rifah, investisiya çağırışları – bunların hamısı təmin olunacaq. Bu siyasətin paralel şəkildə aparılması – bir tərəfdən çağırışların ödənilməsi, büdcə xərclərinin cəmiyyətin, iqtisadiyyatın inkişaf templərinə uyğun şəkildə inkişaf etdirilərək aparılması, digər tərəfdən isə sağlamlaşdırılması, daha dayanıqlı olması, əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin ən böyük istiqamətlərindən və ən böyük nəticələrindən biridir. Bu, ölkəmizin makroiqtisadi sağlamlığıdır. Bu, ölkəmizin makrofiskal sağlamlığıdır. Bu, ölkəmizin gələcək dövrlər üçün yaradılan münbit şəraiti deməkdir.

-Bəllidir ki, dövlət maliyyəsinin idarə olunması sahəsi islahatlar məkanıdır və burada da bir neçə əsas vəzifə var. Əsas istiqamətlər hansılardır və diqqəti daha çox nəyə yönəldirsiniz?

- Ümumiyyətlə, qeyd etdiyim ümumi maliyyə siyasəti ilə yanaşı, biz, eyni zamanda, icra proseslərinin də sürətləndirilməsinə, şəffaflaşdırılmasına, daha da səmərəliləşdirilməsinə böyük diqqət ayırırıq. Cənab Prezidentin müvafiq Fərmanı ilə yaradılmış Rəqəmsal Dövlət Maliyyəsi Sistemi artıq bu gün işə düşübdür. Biz büdcənin proqnozlaşdırılmasından tutmuş, büdcənin icrası, xəzinədarlığın fəaliyyəti, risk əsaslı yoxlama meyarları – bütün bu elektron platformaları vahid baza üzərində yaradırıq və mərhələlərlə onlar işə salınır. Bu gün artıq büdcə proqnozlaşdırılmasının böyük bir hissəsi elektron platformalar üzərindən həyata keçirilir. Xəzinədarlıq elektron sistemi ciddi şəkildə yenidən təşkil olunur və artıq biz xəzinədarlıq ödənişlərinin bank hesablarında olduğu kimi, maksimum bir gün ərzində icrasını təmin etmişik. Düşünürəm ki, yeni elektron sistemin ilin sonuna qədər tam işə düşməsi ilə bu müddət iki saata qədər azalacaq. Çünki biz xəzinədarlıq sistemini bir ödəniş sistemi olaraq qiymətləndiririk və düşünürük ki, elektron platformanın mərhələlərlə genişləndirilməsi nəticəsində bizim benefisiar sifarişlərimiz, yəni xəzinədən istifadə edən dövlət qurumlarının potensialını inkişaf etdirərək, onlar üçün müvafiq elektron həlləri təqdim edərək ödəniş müddətini, ümumiyyətlə, iki saata qədər azalda biləcəyik.

Digər tərəfdən, biz elektron müqavilə portalını artıq istifadəyə vermişik və dövlət satınalmaları ilə büdcə vəsaitləri hesabına satın alınan bütün müqavilələr artıq elektron qaydada tərtib olunur. Aprel ayından etibarən bütün dövlət qurumlarımız bu sistemə qoşulub. Müqavilələrin elektron tərtib edilməsi, elektron imzalanması bir tərəfdən özəl sektor üçün çox böyük əlçatanlıq yaradır, şəffaflığı artırır, data bazanı, tərəfimizdən aparılacaq analitik imkanları genişləndirir, eyni zamanda, dövlət büdcəsinin gəlirləri və xərclərinin optimallaşdırılmasına xidmət edir.

Həmçinin biz dövlət aktivlərinin və öhdəliklərinin mərkəzləşdirilmiş uçotunun GRP (Dövlət resurslarının planlaşdırılması) sisteminin qurulmasına başlamışıq. Burada da beynəlxalq təcrübəni ciddi şəkildə araşdırdıq, BMT tərəfindən ən yüksək nəticə göstərmiş bir sıra sistemləri təhlil etdik və GRP platforması üzərindən bizim həm aktivlərimizin, həm də öhdəliklərimizin mərkəzləşdirilmiş uçotunun qurulmasına başladıq. Düşünürəm ki, bu proqram da təqribən bir il, il yarım ərzində böyük ölçüdə yekunlaşdırılacaq və biz artıq 2028-ci il dövlət büdcəsinin hazırlanması zamanı büdcənin 60 faizinə qədər hissəsi elektron sistem tərəfindən tərtib oluna biləcək. Çünki biz bütün aktivləri, bütün öhdəlikləri elektronlaşdırdıqdan sonra növbəti dövr üzrə həmin aktiv və öhdəlik balansı üzərindən büdcə proqnozlaşmasını sistemlər hazırlaya biləcək. Bu, şəffaflığın, obyektivliyin artırılması, resurs əlçatanlığı qurumlarımız üçün yaxşı bir nəticə göstərəcəkdir.

Digər tərəfdən, cənab Prezidentin tapşırığı ilə müvafiq dövlət müəssisələrinin həm dividend, həm də monitorinq qaydaları təsdiq olundu. Bu qaydalar təkcə büdcə vəsaiti baxımından yox, ümumiyyətlə, məsələlərə dövlət maliyyəsi baxımından yanaşmamıza imkan yaradır. Dövlət maliyyəsi baxımından yanaşdıqda isə biz dövlət şirkətlərimizin büdcəyə aid olmayan vəsaitlərinin də ümumi uçotunu qurmağa başlayırıq. Düşünürəm ki, həm onların dividendlərinin artması bir tərəfdən bizim qeyri-neft gəlirlərimizin artımına təsir göstərəcək, digər tərəfdən isə mütəmadi elektron monitorinqinin aparılması, sağlamlaşdırılması baxımından da bizim üçün çox ciddi bir resurs olacaq.

Əlbəttə ki, vətəndaşlarımız üçün büdcə açıqlığını genişləndirmək baxımından biz “Vətəndaşın büdcə bələdçisi”, “Elektron büdcə portalı” kimi layihələr yaratdıq. Onlar artıq Nazirliyin saytı vasitəsilə ictimaiyyət üçün açıqdır. Hər bir vətəndaşımız büdcə portalı vasitəsilə Azərbaycanın dövlət və icmal büdcələri haqqında istədiyi bütün məlumatlara 24 saat baxa bilər, icrasını izləyə bilər, proqnozları görə bilər, bütün istiqamətlər üzrə bölgülərlə tanış ola bilər. Paralel olaraq, biz Nazirlikdə İctimai Şura yaratdıq. Bütün istiqamətlərimiz – mühasibat uçotundan tutmuş büdcə tərtibinə qədər, investisiya siyasətindən tutmuş dövlət aparatının saxlanılmasına qədər, xəzinədarlıq sistemindən tutmuş maliyyə monitorinqi sisteminə qədər bütün sahələrdə hazırlanan təkliflərin, islahatların hər birini İctimai Şuramızın üzvləri ilə birgə müzakirə edirik, onların tövsiyələrini, onların təkliflərini soruşuruq. Əlbəttə ki, birgə iştirakçılıqla hazırlanan bu kimi islahatların nəticələrinin də daha uğurlu olacağını düşünürük.

İcmallaşdırsaq, dövlət maliyyəsinin və büdcə siyasətinin, büdcə icrasının inkişafı hökumətin kollektiv fəaliyyətidir. Bu, tək bir nazirliyin işi deyil. Bu, hökumətin hazırladığı və icra etdiyi proqramdır. Bu proqramın uğurlu olması üçün Maliyyə Nazirliyi tərəfindən bir tərəfdən sifarişçi – büdcə proqnozu üçün sifarişi dövlət orqanlarımız üçün müvafiq təminat yaradılmalıdır, digər tərəfdən isə yaradılmış təminatın, yəni proqnozun icrası məqsədilə onlar üçün mexanizmlər təmin edilməlidir. Üçüncüsü isə büdcə vəsaitlərinin ünvanlı, səmərəli və vaxtında icrasının təmin olunmasına nəzarət edilməlidir. Hər üç əsas istiqamət üzrə tərəfimizdən müvafiq elektron həllər təmin olunur və düşünürəm ki, qısa müddət ərzində Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi tam fəaliyyətə başlayacaq. Bu gün nəzərdə tutduğumuz proqramların təqribən yarısı artıq istifadəyə verilib, digər yarısı fəal şəkildə hazırlanır. Düşünürəm ki, qısa müddət ərzində bütün digər proqramlar da tam istifadəyə veriləcək.

- Belə ki, hesabatlılıq prinsipi də burada ən üstün tutulan bir normadır.

- Birmənalı olaraq. Ümumiyyətlə, büdcə vəsaiti və ya dövlət maliyyəsi bir neçə mərhələdən keçir: proqnozlaşdırma mərhələsi, icra mərhələsi və hesabatlılıq mərhələsi. Yekunda hökumət olaraq biz parlament qarşısında hər il öncəki ilin büdcəsinin hesabatını veririk. Hökumət, o cümlədən Maliyyə Nazirliyi tərəfindən hər bir xərc haqqında maddə-maddə həm parlamentə, həm Hesablama Palatasına, həm də digər aidiyyatı qurumlara ətraflı icmal məlumatlar təqdim olunur.

- Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Emin Ağalarov: “Sea Breeze” beynəlxalq investisiya və turizm ekosistemi kimi inkişaf edir

İranlı analitik: Azərbaycan regional əməkdaşlığın mühüm mərkəzi kimi mövqeyini möhkəmləndirib – MÜSAHİBƏ

Bakıda Çövkən üzrə Dünya Çempionatı təşkil olunacaq

Gələcəyin musiqisi: Süni intellekt insanı əvəz edəcəkmi?

Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Akademik: 28 May Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyır

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi

Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub

Qəbələdə 28 May - Müstəqillik Gününə həsr edilən intellektual oyunun qalibləri mükafatlandırılıb

Sahil Babayev: Dövlət maliyyəsinin idarə olunmasında innovativ mexanizmlər tətbiq edilir

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb VİDEO

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb VİDEO

ÜTT: Dünyanın 10 ölkəsi qlobal kənd təsərrüfatı ixracının təxminən yarısını təşkil edir

Sahil Babayev: Rəqəmsal maliyyə idarəçiliyi şəffaflıq və operativliyi artırır

Nazir: 2030-cu il üçün hədəfimiz neftdən asılılığı minimuma endirməkdir

Fərid Qayıbov Xüsusi Olimpiya Avropa-Avrasiya Regional Ofisinin rəsmisi ilə inklüziv idmanın inkişafını nəzərdən keçirib

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB VİDEO

Zəngilanın dağlıq ərazisində köməksiz vəziyyətdə aşkarlanan cüyür balası BMQX-nin əməkdaşına təhvil verilib YENİLƏNİB VİDEO

Sahil Babayev: Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir

Nazir: Qeyri-neft gəlirləri artır, iqtisadi dayanıqlılıq möhkəmlənir

Maliyyə naziri: Büdcə proqnozlarının icrası uğurla davam edir

Sahil Babayev: Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi tam qorunur

Laçında dövlətçilik ənənələrini yaşadan tədbir: Müstəqillik ruhu gələcək nəsillərə ötürülür

Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub

Ərdoğan: Türkiyə qarşıya qoyulan hədəflərə doğru qətiyyətli addımlarını davam etdirir

Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb

"Turan Tovuz"un futbolçusu dünya çempionatında iştirak edəcək

Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu saata olan əsas xəbərlər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyudan

Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovadan

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən

Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçdən

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçdən

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər

Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Mixail Qusman: Bu gün AZƏRTAC Azərbaycanın mövqeyini, ölkəmizin səsini beynəlxalq ictimaiyyətə çatdırır VİDEO

Riqada Müstəqillik Günü münasibətilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı və rəsmi qəbul keçirilib

® “Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir VİDEO

“Dream Fest”də musiqi premyeraları və “Sea Breeze”ə beynəlxalq marağın artacağı gözlənilir VİDEO

® “Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər

Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub

QHT sədri: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın qlobal urbanizasiya rolunu təsdiqlədi

“Sabah” qapıçısı ilə yeni müqavilə imzalayıb

İsveçrə Konfederasiyasının Prezidenti Gi Parmelindən

Müdafiə naziri: Azərbaycan dövləti regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib

Qeyri-neft sektorunun inkişafı və kənd təsərrüfatının prioritetləri - ŞƏRH

Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır

Baş nazir Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri arasında telefon danışığı olub

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

İyul–avqust aylarında “MDU EcoTech - Camp 2026” layihəsi reallaşacaq

Prezidentin Mətbuat Xidmətinin məlumatı

® “Avrora Qrup” Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

FHN-in strukturlarında 28 May – Müstəqillik Günü qeyd edilib

“AccessBank” qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

WUF13 Azərbaycanın şəhərsalma mədəniyyətini və beynəlxalq nüfuzunu dünyaya təqdim etdi ŞƏRH

Tekstil liflərinin sınaqlarına dair yeni dövlət standartları qəbul edilib

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb

Aqrar Xidmətlər Agentliyinin sədri Balakəndə müraciətləri dinləyib, təsərrüfatlara baş çəkib

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

Əsrin çağırışlarını qabaqlayan Lider: Azərbaycan qlobal gündəliyi formalaşdırır VİDEO

İğdır Universitetinin rektoruna AMEA Rəyasət Heyətinin Fəxri professoru diplomu təqdim edilib

Qarabağ Universitetində tələbə və gənclərin Beynəlxalq BMT Modeli Konfransı yekunlaşıb

İspaniyanın Kralı VI Felipedən

“QDF-in dostları” platforması çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının investisiya potensialı təqdim edilib

“Caspian Energy” jurnalının Maldiv Respublikasına həsr olunan xüsusi buraxılışı işıq üzü görüb

ABŞ Prezidenti: Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edirik

Bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək

Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda!

ABŞ Dövlət katibi: TRIPP regionda sülhün təşviqi istiqamətində atılan addımdır

Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb

Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

“İpək Yolları Gənclərin Gözü ilə” beynəlxalq foto müsabiqəsinə başlanılıb

Bakıda keçirilən WUF13 qlobal şəhərsalma gündəmində mühüm hadisəyə çevrildi ŞƏRH

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı

Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan

Dövlət mükafatçısı: Çəkilən zəhmət öz bəhrəsini verdi

Paytaxtın üç rayonunda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri nəzərdən keçirilib

İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq

Abşeron rayonunun Məmmədli kəndindəki heyvan bazarı fəaliyyətə başlayıb

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün növbəti peşə tanınması üzrə imtahanın tarixi açıqlanıb

İndoneziya Respublikasının Prezidenti Prabovo Subiantodan

Siyasi şərhçi: WUF13 Bakıda qlobal presedent yaratdı

İndoneziya Respublikasının vitse-prezidenti Gibran Rakabuminq Rakadan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

“Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar və idarəetmə bacarıqlarının inkişaf istiqamətləri nəzərdən keçirilib

Azərbaycan Respublikasında 2026-cı ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 15 oktyabr və 2026-cı il 27 aprel tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

İsveçin hakimiyyət orqanları enerji içkilərinin gənclərin sağlamlığı üçün təhlükəli olduğu barədə xəbərdarlıq edib

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

Çinin şirkətləri Azərbaycanda tekstil istehsalına maraq göstərirlər

Kənd təsərrüfatı nazirinin müavini Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Şəffaflıqdan etimada: Audit sistemində yeni düşüncə modeli

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Azərbaycanda müasir şəhərsalma iqtisadi və rəqəmsal inkişaf baxımından strateji rol oynayır