Şamaxıda bitki mühafizə vasitələrindən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib
Bakı, 14 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb.