Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Samux, 8 may, AZƏRTAC
Samuxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Samux rayon Heydər Əliyev Mərkəzində reallaşdırılan tədbirdə rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Vətəni və xalqı üçün misilsiz xidmətlərindən geniş bəhs edilib. Bugünkü müstəqil, qüdrətli və güclü Azərbaycanın məhz dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğu vurğulanıb. Ulu Öndərin uğurlu siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər sayəsində ərazi bütövlüyümüzün bərpa olunmasından, azad edilən ərazilərdə aparılan geniş yenidənqurma işlərindən də söz açılıb.
Həmçinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Sonda bədii proqram təqdim edilib.