Sara Cessika Parker London səhnəsində çıxış edir
Bakı, 30 yanvar, AZƏRTAC
Sara Cessika Parker və həyat yoldaşı Metyu Broderik Londonun Vest-Endində səhnəyə çıxırlar. Onlar üç problemli cütlüyün həyatı barədə pyesin personajlarını canlandırırlar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu debüt ilk baxışda ər-arvad üçün çətin görünə bilər. Amma Parker və Broderik “Reuters” agentliyinə bildiriblər ki, Nil Saymonun “Plaza Suite” komediyasında birlikdə oynamaq onları məmnun edib.
Broderik bazar günü aktyorlar Nartin Friman və Marişa Uollesin, habelə digər məşhur artistlərin iştirakı ilə keçirilən premyeradan sonra deyib: “Hesab edirəm ki, birlikdə işləmək asandır...Parkerin gözəl oyunu səhnədə mənə stimul verir”.
“Plaza Suite” tamaşası 2020-ci ilin yazında Nyu-Yorkda göstərilməli idi, ancaq bu, COVID-19 pandemiyası ilə əlaqədar mümkün olmadı. Bu komediya 2022-ci ildə yenidən səhnələşdirildi və Londonun “Savoy” teatrının repertuarında yer aldı.
Aktyorlar səhnə təcrübəsinə malikdirlər. Parker hələ 11 yaşında Brodveydə səhnəyə çıxıb. “Ferris Büllerin bazar günü” tamaşasının ulduzu Broderik isə iki “Toni” mükafatı alıb və son dəfə 2019-cu ildə Londonda çıxış edib.
Bu ay premyerası olan və Londonda heç də birmənalı olmayan müxtəlif rəylər doğuran tamaşanın nümayişi aprelin 13-dək davam edəcək.
Londonda tamaşada oynamaqla bağlı təəssüratını bölüşən Parker deyib: “Hələ ki, hər şey qaydasındadır...Həqiqətən, burada şərait bizim üçün gözəl və əyləncəli oldu. Hər ikimiz tamaşaçıların rəğbətindən məmnun qaldıq. Onlar o qədər enerjili və həvəsli idilər ki, bizdə gözəl hisslər yarandı”.