SARIYER BƏLƏDİYYƏSİNİN SƏDRİ YUSİF TÜLÜNÜN ÇIXIŞI
Azərbaycanın hörmətli parlament üzvləri və nazirləri,
Hörmətli Baş nazirimizin müavini və dövlət naziri,
Hörmətli millət vəkillərimiz, dəyərli Böyük Şəhər Bələdiyyəsi sədri,
Hörmətli qonaqlar, sevgili istanbullular!
Hamınıza belə bir gözəl qardaşlıq mərkəzinə “Xoş gəldiniz!” deyirəm. İki dövlətin bir milləti kimi qiymətləndirilən bu qardaşlıq nümunəsinin bir təzahürü olaraq, İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşəbbüsü, bələdiyyə sədri hörmətli Qədir Topbaşın himayəsi ilə Sarıyer bələdiyyəsi rəhbərliyinin və qardaş Azərbaycanın İstanbuldakı Baş konsulluğunun birgə yaratdığı bu gözəl park yeddi ay ərzində salındı və 2005-ci ilin avqustunda istifadəyə verilmək üçün hazır vəziyyətə gətirildi. Layihəmizin əsasında “bir millət, iki dövlət” fəlsəfəsinə xüsusilə fikir verildi. Parkın bir ucundakı bulaq üzərində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əks etdirilməsinə çalışdıq. Əsas xətdə Mustafa Kamal Atatürk və Heydər Əliyevin obrazları görüşdürüldü.
Hörmətli qonaqlar, bu park 4736 kvadratmetrlik sahədə salınmışdır. Layihənin hazırlanmasında və parkın bugünkü vəziyyətə gətirilməsində bizi hər cür dəstəkləyən, heç bir çətinlikdən çəkinməyən, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının gözəl bir nümunəsini yaradan Baş konsulluğun bütün nümayəndələrinə təşəkkürlərimi bildirirəm. Eləcə də qardaş ölkə Azərbaycandan buraya qədər təşrif buyurduqları üçün hörmətli Prezidentimizə Sarıyer camaatı, istanbullular adından dərin təşəkkürümü bildirirəm.
Hörmətli Prezidentim, çox sağ olun.