Səbail rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Bakı, 12 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları yararsız vəziyyətdə olduğu, yaşayış binasının qeyri-yaşayış sahəsində - restoranın daxilində təbii qazla işləyən kombi qurğusundan istifadə edildiyi, obyektin arxa hissəsində layihədənkənar yüngül konstruksiyadan ibarət əlavə artırma işləri aparıldığı və artırılmış sahədə 1 ədəd odunla işləyən təndir qurğusu quraşdırıldığı, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmadığı, obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı, mətbəxdə quraşdırılmış tüstü borusu yanar tozlardan, yağ qalıqları və istehsalat tullantılarından təmizlənmədiyi, obyektdə təxliyə planının mövcud olmadığı, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilmədiyi və obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı aşkarlanıb.
Mövcud vəziyyət göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəyə səbəb ola bilər.
Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Al Divan” restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib, həmçinin artırma hissədəki təndir sökülərək kənarlaşdırılıb.