Səbail rayonunda “Yaşıl ərazi” sakinlərin istifadəsinə verilib
Bakı, 9 iyul, AZƏRTAC
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar görülən işlər çərçivəsində Səbail rayonundakı Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 1 və 1A ünvanlarında 450-dən çox sakinin yaşadığı çoxmənzilli binaları əhatə edən ərazi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aparılan abadlıq işlərinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abadlığı, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, abadlaşdırılan “Yaşıl ərazi”də bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif idman qurğuları və uşaqlar üçün oyun meydançası, 2 söhbətgah və çoxsaylı oturacaqlar quraşdırılıb.
Bununla yanaşı, ərazidə mövcud yaşıllıqlar bərpa olunub, 300 ədəd müxtəlif növ ağaclar və dekorativ kollar əkilib, 1000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.