Sədr müavini: Qeyri-formal məşğulluğa qarşı mübarizə xüsusi əhəmiyyət kəsb edir
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən əməyin mühafizəsi üzrə nəzarət və profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir, maarifləndirmə işləri gücləndirilir. Eyni zamanda, şəffaf və ədalətli əmək münasibətlərinin qorunması, işçilərin hüquqlarının qorunması və sosial müdafiəsinin gücləndirilməsi fəaliyyətimizin əsas prioritetlərindəndir. Bu baxımdan qeyri-formal məşğulluğa qarşı mübarizə xüsusi əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu AHİK-in sədrinin müavini Qəzənfər Abdullayev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş "İş yerlərində psixososial risklərin idarəolunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, ölkəmizdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və maarifləndirmə tədbirləri bu sahədə müsbət nəticələrin əldə olunmasına xidmət edir: "Bu prosesdə həm dövlətin, həm işəgötürənlərin, həm də işçilərin birgə məsuliyyəti mühüm rol oynayır. Sosial tərəfdaşlığın inkişafı da prioritet istiqamətlərimizdəndir. Hökumət, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında hər üç ildən bir imzalanan saziş bu əməkdaşlığın mühüm alətidir. Saziş əmək münasibətlərinin tənzimlənməsi, məşğulluğun artırılması, sosial müdafiənin gücləndirilməsi və əməyin mühafizəsinin təmin olunmasına xidmət edir".