Sədrəddin Bəlağinin “Quran hekayətləri” əsəri yeni redaksiyada çapa təqdim olunub
Bakı, 18 aprel, AZƏRTAC
Tanınmış islamşünas Sədrəddin Bəlağinin “Quran hekayətləri” əsəri yeni redaksiyada çapa təqdim olunub. Əsəri farscadan dilimizə tərcümə edən akademik Möhsün Nağısoylu, nəşrə hazırlayan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Sədrəddin Bəlaği bu əsəri çağdaş oxucularda müqəddəs Qurandakı hekayətlər haqqında dolğun təsəvvür yaratmaq məqsədilə qələmə alıb. Kitab iki hissədən ibarətdir. Onun həcmcə daha böyük olan birinci hissəsini Quran hekayətləri təşkil edir. Müəllif Qurandakı məlum süjetləri yazıçı təxəyyülü ilə oxunaqlı, maraqlı bir şəkildə, yüksək bədii üslubda, qısa və yığcam qələmə alıb. Hekayətlər tarixilik baxımından böyük bir dövrü əhatə edir: bəşərin ulu babası Adəm peyğəmbərin macərası ilə başlayır və dünyanın sonuncu peyğəmbəri Həzrət Məhəmmədin (s.) doğum ilində baş vermiş “Әshabi-fil” hadisəsi ilə bitir. Hər hekayətin başlanğıcında onun Qurani-Kərimin hansı surəsindən götürüldüyü qeyd olunur və ayələrin sıra sayları ilə göstərilir.
Hekayətlərin böyük bir qismini İbrahim peyğəmbərin, Yusif peyğəmbərin və Musa peyğəmbərin başına gələn əhvalatlar təşkil edir. Lakin S.Bəlaği gözəllik, sədaqət rəmzi olan Yusif peyğəmbərin başına gələnləri daha təsirli dillə, böyük ustalıqla qələmə alıb. Bunları oxuduqdan sonra Qurandakı bir sıra incə mətləblər oxucular üçün daha aydın olacaq.
Kitabın ikinci hissəsi olan “Lüğət”in xüsusilə böyük əhəmiyyəti var. Ensiklopedik mahiyyət daşıyan bu zəngin lüğətdə Quranda adı çəkilmiş, haqqında danışılmış peyğəmbərlər, hekayətlərdəki surətlər, təsvir olunmuş hadisələr, onların cərəyan etdiyi yerlər haqqında məlumat verilir, ayrı-ayrı dini məfhum və anlayışların mahiyyəti yığcam şəkildə açıqlanır. Müəllif kitabın “Lüğət” hissəsində yeri gəldikcə Qurandan çoxlu ayələr və misallar gətirib, onların izahını verib.
Sədrəddin Bəlaği “Ön söz”də yazır ki, bəşər övladının enişli-yoxuşlu həyatını əks etdirən bu ibrətamiz hekayətlər bugünkü insanların da həyat yoluna işıq salmalı, onlar üçün örnək olmalıdır.
Qeyd edək ki, tərcümənin redaktoru Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitabın elmi redaktoru Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilovadır.